Putinin yaxın adamı heç kimə gərək olmadı? - Medvedçukla bağlı hər iki tərəfin AÇIQLAMASI
“Mariupol sakinləri və onun müdafiəçiləri ilə mübadilə olunmağını Viktor Medvedçuk özü təklif edib. Ancaq o, heç kimə lazım olmadığını başa düşdü”.
Bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.
M.Podolyak bildirib ki, Ukrayna dövlətə xəyanətdə ittiham edilən Medvedçuku müəyyən sayda hərbi əsirlərlə dəyişməyə hazırdır.
“Ancaq gördüyümüz kimi oldu. Rusiya tərəfinin reaksiyası gözlənilən idi: onlar külli miqdarda pul alan, lakin bunun müqabilində ancaq yalan danışan subyekti iqnor edirlər”, - deyə Mixail Podolyak vurğulayıb.
Öz növbəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Viktor Medvedçukun ukraynalı əsirlərlə dəyişdirmək məsələsinə münasibəti qısa olub:
“Bu süjet haqqında deyiləcək heç bir sözüm yoxdur”.
Qeyd edək ki, aprelin 12-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sıx əlaqələri olan Viktor Medvedçukun saxlandığını elan edib.
Xatırladaq ki, Viktor Medvedçukun qızının xaç atası Rusiya Prezidenti Vladimir Putindir.