Yaponiya yeni milli təhlükəsizlik strategiyası hazırlayır
Martın 27-də Yaponiyanın baş naziri Fumio Kişida ənənəvi çıxışında dünyadakı vəziyyət haqqında danışıb.
O bəyan edib ki, yeni reallıqlarda yeni milli təhlükəsizlik strategiyasının yaradılması vəzifəsi prioritetdir.
“Rusiyanın Ukraynaya qarşı son təcavüzü beynəlxalq ictimaiyyətin uzun müddət gərgin zəhmət və fədakarlıqla qurduğu beynəlxalq nizamın əsaslarını təhdid edir. Hadisələrin necə cərəyan etməsindən asılı olaraq, dünya və ölkəmiz postmüharibə dövrünün ən böyük böhranı ilə üzləşəcək”, -deyə o bildirib.
Baş nazir qeyd edib ki, Yaponiya Rusiyanın hərəkətlərini qətiyyətlə pisləyir, həmçinin təcavüzə qarşı mübarizə aparan və vətənini qorumağa çalışan Ukrayna xalqı ilə möhkəm həmrəyliyini qəti şəkildə nümayiş etdirərək Ukraynaya kömək edir.
“Ölkəmiz ətrafında təhlükəsizlik vəziyyəti kəskin şəkildə dəyişib və xeyli sərtləşib. Bu kontekstdə yeni Milli Təhlükəsizlik Strategiyasının, Müdafiə Planının və Orta Müddətli Müdafiə Hazırlığı Planının işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir”, - hökumət başçısı əlavə edib.
Mənbə//Azmedia.az