Rusiya-Ukrayna müharibəsi: Azərbaycanda hansı məhsullar bahalaşacaq? - FOTO
Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı və hələ də aktiv döyüşlər fazasında olan müharibə ənənəvi logistika kanallarını iflic edib.
“Report”un araşdrımasına görə, müharibənin Ukraynanın bütün ərazisini əhatə etməsi iqtisadi fəallığın heçə enməsinə gətirib çıxarıb.
Ümumi səfərbərlikdən dolayı 18-60 yaş arası bütün vətəndaşlar silahlı qüvvələrin sıralarına çağırılır. Yəni zavodda, fabrikdə, tarlada, limanda, dəmir yolunda və sair sektorlarda işləməli olanlar bu gün əlinə silah alıb vətənin keşiyinə qalxıblar. Ukraynanın Azərbaycanın MDB məkanında iki əsas ticarət tərəfdaşından biri olması faktı bizim üçün də müəyyən nahatlıqlar yarada bilər.
Ötən il Azərbaycan bu ölkəyə 452,5 milyon ABŞ dolları dəyərində mal satıb, 470,02 milyon ABŞ dollarlıq məhsul alıb. Bəzi mal qruplarının tədarükündə Ukrayna əhəmiyyətli pay sahibidir. Belə ki, 2021-ci ildə Azərbaycana gətirilən hər 10 siqaretin təxminən 7-si Ukraynadan alınıb. Bu ölkədən 12,093 milyon ABŞ dolları dəyəridə 482,7 mln ədəd siqaret idxal edilib. Eyni dövrdə Azərbaycanda 14,351 milyard ədəd papiros və siqaret istehsal edilib ki, onun da 316,31 milyon ədədi ixraca gedib. Yəni bu ölkədən siqaret tədarükü cüzi bir hissəsini təşkil edir.
Lakin Azərbaycan Ukraynadan həm də emal edilmiş çəkməli tütün alır. Ötən il bu məhsulun cəmi idxalının dəyər ifadəsində 98,2 faizi, kəmiyyət olaraq - 96,9 faizi Ukraynanın payına düşüb. Ukraynadan 4 min 466,95 ton tütün alınıb.