“Bomjlar” gözünü yığsın: O geyimlər sizi yox, mühərrikləri qızdıracaq - ARAŞDIRMA - FOTO
“İstifadə olunmuş geyim, ayaqqabı, tekstil qutusu”.
“Paltarları qaba atın, sonra qolu yuxarı qaldırın”.
Yəqin ki, paytaxt küçələrində hər biriniz üzərində bu yazılar olan rəngli qutuları görmüsüz. Bəli, söhbət istifadə edilmiş geyim əşyalarının toplandığı bənövşəyi qutulardan gedir.
Fikir olaraq kifayət qədər uğurlu layihədir. Lakin təəssüf ki, insanlar arasında qutuların mahiyyətini anlamayanlar var. Daha üzücü məqam isə qutuların hansı təyinat üzrə yerləşdirildiyi üzərində yazıldığı halda insanların həmin qutulara məişət tullantılarını da atmalarıdır. Bəziləri isə belə qənaətdədirlər ki, orada toplanan geyim və ayaqqabılar imkansız ailələrə, ehtiyacı olanlara paylanacaq.
Aydın məsələdir ki, toplanan geyim, ayaqqabı, tekstil yenidən emal olunma üçün aidiyyəti üzrə müxtəlif tullantılar zavodlarına göndərilir. Çünki üzərində təkrar emal işarəsi var.
İlkin məlumata görə, qutuların yerləşdirilməsi türkiyəli bir sahibkarın təşəbbüsüdür. Lakin paytaxt küçələrində qutuların müvafiq yerlərə qoyulması ilə bağlı ərazi üzrə icra hakimiyyətlərinin aidiyyəti şöbələri ilə məsləhət edilir.
Aydın məsələdir ki, bu qutuların qoyulması bələdiyyələrin işini də yüngülləşdirib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı sözügedən layihəni icra edən şirkətə qutuların yerləşdirilməsi ilə bağlı müvafiq icazələrin verilməsi həyata keçirilir.
“Təmiz Şəhər” ASC-nin isə bu layihədə rolu toplanan tullantı materiallarının müvafiq zavodlarda zərərsizləşdirilməsidir.
Belə ki, ötən il “Təmiz Şəhər” ASC paytaxt ərazisindən 800 min tona qədər tullantı qəbul edib. Onların bir hissəsi Bakı bərk məişət tullantılarının yandırılması zavodunda zərərsizləşdirilib.