Azad Media Susdurula Bilməz!
Nərimanov rayonunda sökülən evlərinin əvəzinə inşa edilən binanın yarımçıq təhvil verildiyini bildirən sakinlər ciddi problemlərlə üzləşdiklərini deyirlər.
GÜNDƏM

Nərimanov rayonunda sökülən evlərinin əvəzinə inşa edilən binanın yarımçıq təhvil verildiyini bildirən sakinlər ciddi problemlərlə üzləşdiklərini deyirlər.

"Bakufakt" redaksiyasına Nərimanov rayonu, Sahib Zeynalov küçəsinin sakinləri tərəfindən şikayət daxil olub.

Sakinlərin müraciətində bildirilir ki, təxminən 8 il əvvəl sökülən evlərinin yerində inşa edilən yeni bina iki ay əvvəl onlara təhvil verilib. Lakin onların sözlərinə görə, bina yaşayış üçün tam hazır vəziyyətə gətirilmədən təhvil verilib, eyni zamanda kirayə ödənişləri dayandırılıb.

Şikayətçilər bildirirlər ki, binada balkonların qoruyucu məhəccərləri quraşdırılmayıb, bəzi mənzillərin pəncərələrində şüşələr yoxdur. Yağış yağarkən mənzillərə su daxil olur. Binada quraşdırılmış üç liftdən yalnız biri işləyir, o da tez-tez sıradan çıxır. Yük liftinin isə fəaliyyət göstərmədiyi bildirilir.

Bundan başqa, sakinlərin sözlərinə görə, binada qaz yoxdur, ümumi istilik sistemi quraşdırılmayıb və təhlükəsizliyə cavabdeh şəxslər gecə-gündüz binada xidmət göstərmirlər.

Vətəndaşlar qeyd edirlər ki, 100 mənzilli binada hazırda cəmi iki ailə yaşamağa məcbur olub. Mövcud şəraitdə, xüsusilə soyuq hava şəraitində digər ailələrin mənzillərinə köçməsi mümkün deyil.

Sakinlər yaranmış problemlərlə bağlı tikintini həyata keçirən şirkətlərin nümayəndələrini tapa bilmədiklərini və müraciətlərinə cavab ala bilmədiklərini bildirirlər.

Sakinlərin şikayətində sözügedən binanın Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşdiyi, tikintinin isə “Olympus Park” və “N-Turan” MMC tərəfindən həyata keçirildiyi qeyd olunur.

Vətəndaşların iddiasına görə, tikinti layihəsində üç şərik iştirak edir. Onların bildirdiyinə əsasən, payın 50 faizi Orxan Əliyev və Rafael Qarayevə, digər 50 faizi isə Adil Tağıyev və onun oğlu Hasil Tağıyevə məxsusdur.

. Sakinlər Hasil Tağıyevin Milli Məclisdə çalışdığını da bildirirlər.

Vətəndaşın diqqət çəkdiyi məqamlardan biri də Orxan Əliyevin kikboksinq federasiyasının prezidenti olmasıdır. Bu məlumatlar sakinlərin videomüraciətində səsləndirilən iddialardır.

Sakinlər aidiyyəti dövlət qurumlarından binanın texniki vəziyyətinin və təhlükəsizlik standartlarına uyğunluğunun yoxlanılmasını, tikinti şirkətlərinin məsuliyyət məsələsinə aydınlıq gətirilməsini və mövcud çatışmazlıqların aradan qaldırılmasını tələb edirlər.

"Bakufakt" olaraq “Olympus Park” və “N-Turan” MMC-nin, eləcə də adları çəkilən şəxslərin məsələ ilə bağlı mövqeyini öyrənməyə hazırıq. Qarşı tərəfin açıqlamasını dərc etməyə açığıq.

Qeyd: Material sakinlərin redaksiyaya təqdim etdiyi yazılı müraciət və videomüraciət əsasında hazırlanıb. Şəriklik və pay bölgüsü barədə məlumatlar vətəndaşların iddialarıdır.

IRON MAX AZERBAIAN