Azad Media Susdurula Bilməz!
ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları - "Səs yazıları da var"
GÜNDƏM

ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları - "Səs yazıları da var"

Bakufakt “Real Azərbaycan”a istinadən xəbər verir ki, Qazax rayonu Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbinin 40 illik pedaqoji staja malik ingilis dili müəllimi Mansurova Nəzakət Bilal qızı tərəfindən “Real Azərbaycan” redaksiyasına geniş şikayət müraciəti daxil olub. Şikayətçi müraciətində məktəbin direktoru Rasimə Çarçıyevanın qanunsuz əməllərindən, təhsil ocağında yaranmış idarəçilik mühitindən və aidiyyəti qurumların məsələyə göstərdiyi laqeydlikdən bəhs edib.

Nəzakət Mansurovanın redaksiyamıza ünvanladığı müraciətini olduğu kimi təqdim edirik:

"Mən, 40 il pedaqoji stajı olan bir müəllim kimi bildirirəm ki, 2020-ci ildə Rasimə Çarçıyeva məktəbimizə direktor təyin edildiyi gündən bu yana təhsil müəssisəsində qalmaqalların və qanunsuzluqların ardı-arası kəsilmir.

Məktəbdə tədris prosesi tamamilə iflic vəziyyətindədir. Xüsusilə yuxarı siniflərdə (9, 10 və 11-ci siniflər) davamiyyət sıfır dərəcəsindədir. Şagirdlər saat 3-dən (3-cü saatdan) sonra dərslərə qatılmayaraq məktəbi tərk edirlər. Müəllimlər isə məktəb binasında açıq-aşkar repititorluqla məşğul olurlar. Tədris proqramında nəzərdə tutulan dərnək və fakültativ məşğələlər isə ümumiyyətlə keçirilmir.

Bununla yanaşı, məktəbdə ciddi maliyyə pozuntuları və qanunsuz pul yığımları mövcuddur. Məktəbə gələn yoxlama heyətlərini 'yola salmaq' və ziyafət süfrələri təşkil etmək məqsədilə müəllimlərdən (o cümlədən şəxsən məndən) 20 AZN məbləğində məcburi pul toplanıb.

Direktor Rasimə Çarçıyeva sertifikasiyadan keçmədiyi, eləcə də müəllim əmri olmadığı halda özünə qanunsuz olaraq 12 saat dərs yükü götürüb. O, saat 9:00-dan 16:00-dək jurnalları yoxlamaq adı altında digər məktəblərə gedərək öz dərslərini başsız qoyur. Analıq məzuniyyətinə çıxan müəllimlərin vacib dərs saatlarının bölüşdürülməsində də gizli və şübhəli maliyyə əməliyyatlarına yol verilir.

Direktor kollektiv arasında mənəvi-psixoloji gərginlik yaradır. Hətta məktəbin musiqi müəllimi Samirə xanım haqqında ortaq wp-qrupunda xoşagəlməz, etikadan kənar sözlər yazaraq onu hamının gözü qarşısında danlayıb, müzakirəyə çıxarıb və digər müəllimlərdən də onun əleyhinə fikir bildirmələrini tələb edib.

Məktəbdə daxili intizam qaydaları tamamilə pozulub. Direktor və rəhbər heyət (müavinlər) arasında şagirdlərin və müəllim kollektivinin gözü qarşısında dəfələrlə biabırçı münaqişələr və dəhşətli davalar yaşanıb, dərslər təxirə düşüb. Hətta mənim 40 illik pedaqoji fəaliyyətimdən sonra təqaüdə yola salınma mərasimimdə belə məktəb rəhbərliyi və təhsil sektoru ibtidai etika qaydalarına zidd olaraq laqeydlik nümayiş etdirərək iştirak etməyiblər.

Bütün bu qanunsuzluqlarla bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə və Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəsmi şikayətlər ünvanlasam da, problemlər obyektiv araşdırılmayıb, mənə yalnız normativ aktların kopyasından ibarət şablon və laqeyd cavablar verilib."

Qeyd:

Şikayətçi Nəzakət Mansurova məktəb daxilində rəhbərlik və müəllimlər arasında baş verən qalmaqalları, etikadan kənar münaqişələri, musiqi müəlliminə və digər kollektiv üzvlərinə olunan təzyiqləri sübut edən səs yazılarını (audioyazıları) da redaksiyamıza təqdim etmişdir.

Qeyd edək ki, Nəzakət müəllimə redaksiyamıza bildirişində məktəbdə baş verən növbəti münaqişələrdən birində gərginlik fonunda iki müəllimin səhhətinin kəskin pisləşdiyini və ürəklərinin getdiyini, lakin məsələnin böyüyüb ictimailəşməməsi üçün direktor tərəfindən təcili tibbi yardımın çağırılmasına belə mane olunduğunu iddia etmişdir.

Lakin həmin səs yazılarında işlədilən bəzi ifadə və sözlər mətbuat etikasına və cəmiyyət normalarına uyğun olmadığı üçün yayımlanmasını məqsədəuyğun hesab etmirik.

"Bakufakt" redaksiyası olaraq qərəzsizlik və media etikası prinsiplərinə sadıq qalaraq, məsələdə adı çəkilən qarşı tərəfin — məktəb direktoru Rasimə Çarçıyevanın və aidiyyəti təhsil qurumlarının (Qazax-Tovuz Regional Təhsil İdarəsinin) mövqeyini dinləməyə, onların da cavab haqqını dərc etməyə hazır olduğumuzu bildiririk.

IRON MAX AZERBAIAN