
İsraildə saxlanılan azərbaycanlılar azad edilib - FOTO
Bakufakt.az xəbər verir ki, İsrailin saxladığı “Global Sumud” humanitar flotiliyasının azərbaycanlı üzvləri — Parvin Azimov və Orkhan Samadzade azad edilərək Türkiyəyə qaytarılıblar.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir:
“İsraildəki səfirliyimizin gördüyü tədbirlər nəticəsində Parvin Azimov və Orkhan Samadzadenin azad olunması və öz arzuları ilə Türkiyəyə qaytarılması təmin edilib”.
Məlumata görə, hər iki şəxs “Global Sumud” adlı humanitar missiya çərçivəsində Qəzza zolağına yardım aparan gəmilərin heyət üzvü kimi fəaliyyət göstərib. İsrail tərəfi həmin gəmiləri saxlayaraq ekipaj üzvlərini müvəqqəti həbsə almışdı.
Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə isə qeyd edib ki, “səfirliyimizin operativ müdaxiləsi nəticəsində vətəndaşlarımızın azad olunması təmin edilib və hazırda onların sağlamlıq vəziyyəti normaldır”.
Bununla Azərbaycan diplomatiyası növbəti dəfə öz vətəndaşlarının müdafiəsi istiqamətində uğurlu addım atmış oldu.