
Fransızlar milyarder Əhmədova necə kələk gəliblər...
Bakıda məhkəmədə beynəlxalq korrupsiya işi araşdırılır
Bu gün Bakı Ağır Cinayətlər Fransa vətəndaşı Anass Derrazın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Həbsinə qədər o, Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti olub.
Bakufakt.az xəbər verir ki, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə şahidlərin dindiriləcəyi gözlənilir. Anass Derraz azərbaycanlı milyarder Fərhad Əhmədovun adı keçən beynəlxalq korrupsiya işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb və istintaq olunub. O, cinayət yolu ilə əldə edilən milyonlarla vəsaiti leqallaşdırmaqda və külli miqdarda rüşvət almaqda ittiham olunur.
İş üzrə ötən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb. O bildirib ki, Fərhad Əhmədova müqavilə əsasında kömək edib, işləri ilə bağlı məsləhətlər verib: “Mən ixtisasca mühəndis olsam da, insanlara hüquqi və texniki yardım kimi xidmətlər göstərmişəm. Fərhad Əhmədovun yaxtasının həbsdən azad edilməsi ilə bağlı görüşlərim olub. Mənim missiyam yaxtanın həbsdən azad edilməsi ilə bağlı aparılan işlərdə koordinasiyanı təmin etmək idi. Mən şirkətin mandatlı nümayəndəsi idim. Həmin mandatı istintaqa da, məhkəməyə də təqdim etmişəm”.
A.Derraz qeyd edib ki, Fərhad Əhmədovun yaxtasının üzərindən həbs götürülsəydi, qonorar alacaqdı: “Lakin işlər biz deyən kimi olmadı, məhkəmə yaxtanı azad etmədi”.
Daha sonra prosesdə A.Derrazın istintaqa ifadəsi elan olunub. Təqsirləndirilən şəxs həmin ifadəsində bildirib ki, Mərakeş əsilli Fransa vətəndaşı Aleksandr Benalla nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini bildirib: “Hoteldə görüşüb müqavilə imzaladıq. Bizim işimiz ondan ibarət idi ki, yaxtanın üzərinə qoyulan həbsi götürərək beynəlxalq sularda üzməsini təmin edək. Müqaviləyə əsasən, bu işlərə görə Fərhad Əhmədov 6 milyon 140 min dollar ödəməliydi. Mənə dedilər ki, 1 milyon sənə veriləcək. Lakin mən razılaşmadım, 2 milyon 250 min dollar mənə, 3 milyon 290 min dollar isə Benallaya verilməli idi. İlkin olaraq, mənə 200 min dollar, Benallaya isə 400 min dollar çatdı. İş tamamlanmadığı üçün qalan pul verilmədi”.
A.Derraz bildirib ki, Benallaya köçürülən 400 min dollar bank əməkdaşları tərəfindən şübhəli hesab olunduğundan imtina edilib: “Pulun mənbəyini soruşduqda Benalla Fərhad Əhmədova məxsus yaxtanın azad edilməsi üçün vəsaitin olduğunu bildirib. Bank əməkdaşları internetdə yaxtanın həbsdə olmadığını gördükləri üçün əməliyyatdan imtina ediblər. Amma mənə köçürülən 200 min dolların mənbəyini bildirdiyim üçün bankda problem yaranmadı”.
İttihama görə, adları çəkilən şəxslər - Derraz və Benalla Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasını həbsdən azad edəcəklərini, Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Ümumilikdə, onlar arasında 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.
İstintaq sənədlərinə görə, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dollarını, gəminin üzərindən həbs götürüldükdən sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.
F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “Bank of Africa United Kingdom PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb. Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət almasına kömək etməkdə ittiham olunur.
Qeyd edək ki, Annas Derraz 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır. O, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkət Dubayda qeydiyyatdan keçib.
DTX tərəfindən Anass Derraza qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, Anass Derraz 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Annas Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək, onu 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.
İnterpolun Fransa Prezidentinin mühafizə xidmətinin sabiq rəhbərini “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. Aleksandr Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.