
Binəqədidə müəmmalı qazıntı: Aylardır sakinlərə əziyyət verənlər kimlərdir? - VİDEO
Xəbər verdiyimiz kimi, Binəqədi rayonu Biləcəri, Baksol və Binəqədi şossesinin kəsişməsində 4 aydır davam edən qazıntı işləri ərazidə yaşayan sakinləri narazı salıb.
Binəqədi sakinləri ötən həftə Bakufakt.az-a ünvanladığı şikayətdə hər gün yaranan tıxaclardan gileylənmişdi.
Sakinlər problemin nə vaxt həllini tapacağı – qazıntı və təmirin başa çatacağı vaxtı bilmək istədiklərini qeyd ediblər.
Dərslərin başlamasına sayılı günlər qaldığından və tıxacların daha da artacağı gözlənildiyindən sakinlər yoldakı təmir işlərin tez başa çatacağına ümid edir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları üzrə Dövlət Agentliyindən (AAYDA) Ölkə.Az-a bildirilib ki, ərazidə qazıntı işləri digər qurumlar tərəfindən aparılır. Agentlikdən qazıntı işlərinin kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar olduğu bildirilib.
İşlərin nə vaxt başa çatacağı ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə sorğumuza cavab olaraq işlərin adı çəkilən qurum tərəfindən aparılmadığı bildirilib. Qeyd edilib ki, bununla bağlı yüzlərlə müraciət daxil olsa da, ADSEA işlərin hansı qurum tərəfindən aparılmasından xəbərsizdir.
Binəqədi Rayon İcra Hakimiyyətinə də ünvanladığımız sorğuya cavab olaraq ərazidə kommunal xətlərin çəkilməsi üçün işlər getdiyi deyilsə də, hansı qurum və ya şirkət tərəfindən görülməsi barədə məlumatsız olduqları bildirilib.
Dövlət qurumlarından birindən əldə etdiyimiz məlumata görə, sözügedən ərazidə qazıntı işləri özəl Mənzil-Tikinti Kooperativləri (MTK) və podratçı şirkətlər tərəfindən aparılır və yaxınlıqdakı binalara kommunal xətlər çəkilir.
MTK-ya hansı qurumun icazə verməsi, işlərin konkret olaraq hansı MTK tərəfindən aparılması və nə zaman yekunlaşacağı barədə məlumat almaq mümkün olmayıb.