"EGE Hospital"da nöqsanlar aşkarlandı
Səhiyyə Nazirliyi "EGE Hospital"da nöqsanlar aşkarlayıb.
Nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl klinikada yoxlama aparılıb.
Yoxlama zamanı sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulduğu, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıldığı aşkarlanıb.
Buna görə də klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib olunub.
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.
Əgər məhkəmə iddianı təmin edərsə, "EGE Hospital"ı 8 000 manatadək cərimə gözləyir.
Klinikanın barəsində protokol tərtib olunan maddədə deyilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, "EGE Hospital" MMC kimi 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 8 817 479 manatdır.