Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
Yasamal rayon bələdiyyəsinin sabiq əməkdaşlarına hökm oxunub. Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 309.2 və 32.4, 313- cü maddələri ilə təqsirləndirilən Yasamal bələdiyyəsinin sabiq sədri, 1950-ci il təvəllüdlü Zakir Cəfərov və bələdiyyənin İcra aparatı, vergi və ödənişlər şöbəsinin sabiq müdiri, 1967-ci il təvəllüdlü Həmid Həmidova cəza verilib.
Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 2007-ci ildən 2020-ci ilə kimi Yasamal bələdiyyəsinin sədri olmuş Zakir Cəfərov vəzifə səlahiyyətlərini aşmaqda və qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol verməkdə ittiham olunub.
Zakir Cəfərov və qeyriləri birləşərək Qarabağ qazisindən və digər zərərçəkmiş şəxslərdən bələdiyyə mülkiyyətində olan torpaqları dövlət qeydiyyatına asanlıqla alındıra biləcəyinə inandıraraq 310 min manat alıblar.
Məhkəmənin qərarı ilə Zakir Cəfərov 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası şərti hesab edilib. Zakir Cəfərov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Sabiq bələdiyyə sədrinin Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 2a, mənzil 67-də yerləşən əmlakı, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 16-da yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbs ləğv edilib və əmlaklar onun sərəncamına verilib.
Həmid Həmidov 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun cəzasını çəkdiyi dövrdə yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.
Qeyd edək ki, eyni cinayət əməlinə görə, sabiq bələdiyyə əməkdaşları ilə əlbir olan iki şəxsə də hökm oxunub.