Ekspertdən Siyavuş Novruzova CAVAB
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin aprelin 19-da keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna təklif olunan dəyişiklərlə bağlı müzakirələr zamanı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Deputat deyib ki, “vətəndaş övladını evinə yaxın məktəbə gətirir, uşağı birinci sinifdən qeydiyyatdan keçirməyə böyük ansambl düzülüb, müsabiqə keçirir, şagird məktəbə dərs öyrənmək üçün gəlir, həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir? Hansı qanunda yazılıb? Hərə özündən qanun qəbul edib, təhsilə maneə törətməsin”. S.Novruzovun fikirləri böyük kütlə tərəfindən müsbət qarşılansa da, tənqid edənlər az olmayıb.
Təhsil eksperti Elşən Qafarov isə açıqlamasında deyib ki, Azərbaycan bölməsi üzrə birinci siniflərə və ya məktəbəhazırlıq qruplarına hazırda müsahibə yoxdur.
“Dövlət standartlarına uyğun olaraq övladının digər dillərdə təhsil almasını istəyən valideynlərin övladları üçün müsahibə var. Bu müsahibənin isə hüququ əsası yoxdur. Nəyin əsasında keçirirlər? Sadəcə, belə istəyirlər və ya qaydalar qəbul edilməyib. 29 mart 2019-cu ildə qəbul edilmiş “Ümumtəhsil haqqında” qanunun 6-cı maddəsinin 4-cü hissəsində göstərilir ki, digər dillərdə təhsil almaq istəyən şəxslər həmin dildən müsahibə verməlidirlər. Maddədə yazılıb ki, “bu, Elm və Təhsil Nazirliyinin qəbul etdiyi qaydalar əsasında həyata keçirilir”. Qaydalar isə yoxdur, indiyə qədər qəbul edilməyib, halbuki beş ildir, qanun qəbul edilib. O vaxtdan bəri də müsahibələr keçirilir. Ümumiyyətlə, bizdə ümumtəhsildə çox şey var ki, qaydalar tələb olunur, lakin qəbul edilməyib. Ölkədə hazırda 3 999 dövlət ümumtəhsil məktəbi var və bu məktəblərin 329-da rus bölməsi, 10 məktəbdə isə gürcü bölməsi təhsil alır. Əsas sıxlıq rus bölməsi olan məktəblərdədir. Azərbaycan bölməsi üzrə isə ümumtəhsil məktəblərində birinci sinfə və ya məktəbəhazırlıqda qəbul zamanı hər hansı müsahibə yoxdur. Hazırda problem rus bölməsi üzrədir. Azərbaycan bölməsi, istərsə də digər bölmələrlə bağlı uşaqların məktəbə qəbulu 2015-ci ildən başlayan və 2019-cu ildən bütün ölkəni əhatə edən elektron qeydiyyat vasitəsi ilə həyata keçirilir. Elektron qeydiyyat vasitəsi isə başqa bir problemi üzə çıxarır. Bizdə şagirdlərin məktəbə qəbulu və yerdəyişməsi qaydaları sonuncu dəfə Elm və Təhsil Nazirliyinin 6 noyabr 2014-cü il tarixli Kollegiya iclasında qəbul edilib. 10 il müddətində çoxlu dəyişikliklər olub, amma yeni qaydalar da ortada yoxdur. Bir çox hallarda elektron qeydiyyatdan keçən şəxslər birbaşa məktəbə qəbul edilirlər. Qəbul edilən zaman isə bəzən sağlamlıq imkanları məhdud olan şəxslər də eyni siniflərə qəbul edilirlər. Belə şəxslər, demək olar, az qala hər sinifdə var. Nəticə etibarilə, sağlamlıq imkanları məhdud olan şəxs - bir uşaq sinifdə olan 25-30 uşağın təhsil almaq hüququnu 11 il ərzində darmadağın edir, imkan vermir. Sovet təhsil sistemi, bu gün dünyada ən aparıcı təhsil sistemlərindən biri kimi artıq qəbul edilir, əsas özəlliyi bundan ibarət idi ki, orada sağlamlıq imkanları məhdud olan uşaqlar üçün ayrıca xüsusi məktəblər təşkil olunurdu. Bizdə də bu məktəblər var. Bu cür uşaqlar üçün xüsusi və ya ümumtəhsil proqramı ilə, fərqli proqramlarla tədris həyata keçirilir. Müstəqilliyimizin artıq 33-cü ilidir. Bizdə hələ də xüsusi təhsil dövlət standartları yox idi. Xüsusi təhsil dövlət standartları axır ki, 33 ildən sonra, 2024-cü ilin fevral ayında qəbul edildi...”, - ekspert bildirib.