Yasamalın icra başçısı bu problemlərin həlli üçün tapşırıq verdi
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşlarla görüşüb.
Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə rayon sakinləri, icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulun əvvəlində Türkiyədəki zəlzələ zamanı həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elşad Həsənov bildirib ki, 2022-ci ildə İcra Hakimiyyəti tərəfindən 38 səyyar qəbul keçirilib, 520 müraciət qeydə alınıb. Müraciətlərin böyük əksəriyyəti həllini tapıb.
Daha sonra söz alan vətəndaşlar küçələrin asfaltlanması, gözdən əlil şəxslərin mənzil təminatı, məşğulluq, sığınacaqla təmin edilmə, Vətən Müharibəsi qazilərinin işlə təmini və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər. İcra başçısı sakinlərin suallarını cavablandırıb. Bir sıra məsələlər yerindəcə həllini tapıb.
Qəbulda sakinləri narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün müvafiq tapşırıqlar verilib.
Qəbuldan sonra Elşad Həsənov “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin ofisinə baş çəkib. Təşkilatın fəaliyyəti ilə tanış olub. Birliyinin fəaliyyəti üçün tələb olunan şərtlər barədə fikir mübadiləsi aparılıb.