Yeni ilin qeyd olunmasının İslamda hər hansısa qadağası var?
Yeni ilin yaxınlaşmasıyla birgə cəmiyyətdə bu günün bayram kimi qeyd olunması məsələsi müzakirə və mübahisə predmetinə çevrilir. Əksəriyyət Yeni ili bayram kimi qeyd etsə də, xeyli sayda insan dini inanc nöqteyi-nəzərindən buna qarşı çıxır.
Onların gətirdiyi əsas arqument isə bundan ibarətdir ki, İslamda bu bayramla bağlı hər hansı müddə yoxdur. Eyni zamanda şəriət qaydalarının hakim olduğu ölkələrdə də Yeni il qeyd olunmur.
Bəs, ümumiyyətlə, Yeni ilin qeyd olunması məsələsi ilə bağlı İslamda hər hansı qadağa varmı?
Mövzuya Bizim.Media-ya açıqlamasında aydınlıq gətirən ilahiyyatçı Tural İrfan qeyd edib ki, bayramlar, matəm günləri və digər ictimai tədbirlərlə bağlı İslam dinində vahid yanaşma var:
“Bu kimi tədbirlərdə İslam dininin əsas prinsiplərinin əlehinə olan ayin, hərəkət olmamalıdır. İslam əqidəsinə zidd Allaha şirk qoşmaq, günah əməllər olmasa bu bayramların qeyd olunmasında heç bir qəbahət yoxdur.
Məsələn, bəzi mənbələrdə farsların İslamı qəbul etməsindən sonra Novruz bayramını təntənəli qeyd edildiyi öz əksini tapıb. Və İslam böyükləri soruşdular ki, bu bayramda insanlar nə edirlər
Onlar isə qeyd etdilər ki, Novruzda insanlar bir-birinə yardım edir, şənlənir, tonqal qalayırlar. İmamlar tonqal qalamağın, qapı pusmağın İslama ziddi olduğunu əsas gətirərək, həmin ehkamları yasaqladılar. Lakin Novruzun digər qaydaları saxlanılmaqla, bayramın qeyd olunmasına imkan yaradıldı”.
İlahiyyatçı Yeni ilin İsa peyğəmbərin mövludu ilə bağlı meydana çıxdığını bildirib:
“Amma peyğəmbərlərin mövludunun keçirilməsi İslamda qadağan olmasa da tövsiyə olunmayıb. Çünki dinimizdə 124 min peyğəmbərin olduğu qeyd olunur və onların hər birinin mövludu keçirilsə, təqvimin günləri buna yetməz. Ona görə bu məsələlərə İslamda əhəmiyyət verilmir. Lakin Yeni il adət halına gəlibsə, qeyd etmək olar. Amma bayramda günah hesab edilən əməllərə yol vermək olmaz. Məsələn, içki məclisləri bu qadağaya daxildir.
Digər tərəfdən, insanların bir süfrə başına toplanması, qohumların bayramda bir araya gəlməsi İslamın buyurduğu əməllərdir. Həzrəti Əli qeyd edirdi ki, Allaha qarşı çıxmayıb, xeyir işlər gördüyümüz hər gün bayramdır. İslam fəlsəfəsinə görə, insanın hansı günü günahsız, xeyir əməllərlə keçirsə həmin gün bayramdır. Yəni, Yeni ildə bir savab əməl ediləcəksə, insanlar bunu qeyd etsinlər. Yoxsa qarnını doldurub, neçə litr araq içib, səhər də xəstəxanalıq olacaqsa, bunun nə İsa peyğəmbərə aidiyyatı var, nə də dini meyarı”.
Tural İrfan küknar ağacının bəzədilməsi məsələsinə də aydınlıq gətirib:
“Bu kimi ehkamlar xristianlıqdan gəlmədir. Doğrudur, İslamda bu bayrama tənqidi yanaşma da var. Çünki Peyğəmbər buyurub ki, müsəlmanın iki bayramı var: Qurban və Ramazan. Qədir-Xum, kiminsə şəhadəti kimi günlər isə siyasi məqsədlərlə uydurulmuş, İslamda nifaq törətmək üçün ortaya atılmış əməllərdir. Məsələn, İran tərəfi bir çox belə bayram uydurub.
Digər tərəfdən, İslamda hicri təqvimi ilə Məhərrəm ayının 1-i yeni ilin ilk günü hesab olunur.
Amma həmin günün də qeyd olunması İslamda tövsiyə olunmur”.