Polkovnik Azərbaycan Prezidentinə müraciət etdi .
Polkovnik Azərbaycan Prezidentinə müraciət etdi
Bakı şəhəri, Yasamal rayonu, “Qızıl Şərq” 13 ünvanında yaşayan polkovnik Məmmədov Elnur Teymur oğlu Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.
Redaksiyamıza daxil olan müraciətdə polkovnik Azərbaycan Ordusundakı problemlərə diqqət çəkərək Ali Baş Komandanın məsələyə müdaxiləsinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, 1992-ci ildən Azərbaycan Ordusunda xidmət edib. Qarabağda gedən döyüşlərə qatılıb, yaralanıb. Ordudakı xidməti nəzərə alınaraq mayor rütbəsinin ona vaxtından əvvəl mərhum Prezident, ulu öndər Heydər Əliyev tərəfindən verildiyini deyən polkovnik İkinci Qarabağ müharibəsində də ön sıralarda döyüşüb. Özü ilə bərabər iki oğlu da Vətən müharibəsinin iştirakçısı olub və müharibədə yaralanmalarına baxmayaraq, indi də xidmətlərini davam etdirirlər. Ailənin bir övladı Laçında, digər övladı isə Qarabağın işğaldan azad edilmiş digər bölgəsinə xidmətdədir: “Oğlum və özüm İkinci Qarabağ müharibəsində fərqləndiyimizə görə Ali Baş Komandan tərəfindən təltif edilmişik. Dəfələrlə Türkiyədə Gülhanə xəstəxanasında müalicə olunmağıma baxmayaraq, Vətən müharibəsinə qatılmaqdan qurur duydum. Özüm və iki övladım müharibədə yaralandıq, amma xidmətimizi davam etdirdik. Çünki bu, bizim Vətən və Millət olaraq şərəf, qürur məsələmiz idi. Xalq-Ordu-Ali Baş Komandan həmrəyliyi bu müharibədəki qələbəmizi təmin etdi. Ancaq təəssüf ki, Azərbaycan Ordusunda bu gün vəziyyət heç də ürəkaçan deyil. Şahidi olduğum neqativ hallarla bağlı müdafiə naziri Zakir Həsənova məlumat versəm də, nəticə həmin problemlərin aradan qaldırılması yox, mənim işdən azad edilməyim oldu. Qələbə qazanaraq 30 illk işğala son qoymuş bir orduda uzun illər xidmət etmiş bir zabitə belə qiymət verilməsi problemlərin ciddiliyindən xəbər verir”.
Polkovnik Azərbaycan Ordusunda qarşılaşdığı neqativ halların Ali Baş Komandanın birbaşa müdaxiləsi ilə aradan qaldırlacağına əmindir: “Buna görə də Sizin tərəfinizdən qəbul edilərək bir zabit kimi Azərbaycan Ordusundakı indiki vəziyyəti diqqətinizə çatdırmağa şərait yaradılmasını xahiş edirəm”.