“Qadın olsaydım, yəqin pozğun olardım” - Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ
Onunla söhbət çox maraqlı və baməzə alındı. Bu bəlkə də köhnə dostluğumuzdan irəli gəlirdi. Rəşad heç yerdə olmadığı qədər səmimiydi, şən idi. Lent.az Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov ilə müsahibəni təqdim edir
İrəvan teatrı ömrümdən itən günlərim oldu...
- Rəşad, səni bir zamanlar İrəvan teatrının səhnəsində gözəl obrazlarda görürdük. Ordan nə üçün getdin?
- Getmədim, işdən çıxarıldım. Həm də heç bir səbəb olmadan. İrəvan teatrı mənim üçün çox əziz, çox önəmli teatr olub. Gəncliyim orda keçdi. Mən əslən irəvanlı olduğuma görə, bu teatrı özümün namusum, qeyrətim, doğma ocağım hesab edirdim. Amma günün birində teatrın rəhbəri İftixar Piriyev ən adi bir məsələyə görə məni qovdu. İcazə almışdım, iki günlük çəkilişlərə gedirdim Qobustana. Özünə demədən olmazdı təbii. Bir gün zəng etdi ki, tez dur gəl məşqə! Cibimdə pulum da yox idi ki taksiylə gələm. Gələn kimi şiddətli töhmət verib işdən çıxardı. Şiddətli töhmət o halda verilir ki, aktyor məsuliyyətsizlik edir, tamaşaya gəlmir, iş yoldaşları ilə yola getmir, hörmətsizlik edirsən. Öncə adi töhmət, xəbərdarlıq alır. Teatrın yükü çiynimdəydi. İcazə alıb getmişdim, qəsdən belə elədi. Cırdım atdım əmək kitabçamı da . İllərimi itirdim. Düzdür indi görəndə əl sıxışırıq, amma bu məndə xoşagəlməz iz buraxdı, yenə deyirəm illərimi itirdim. Teatrın yubileyinə də getmədim. Oranın qapısını açmaq ürəyimi ağrıdır. İftixar Piriyevin yol yoldaşlığı çox gözəl idi, bax bundan keçmədim. Amma niyə belə elədi onu anlamadım