Polis Bakıda intiharı təbliğ edən qəhvə köşkü ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Xəbər verdiyimiz kimi, paytaxtın mərkəzi küçələrindən birində vətəndaşları intihara təhrik edən qəhvə köşkləri fəaliyyətə başlayıb.
Bakufakt.az xəbər verir ki, həmin köşklə bağlı görüntülər sosial mediada yayıldıqdan sonra polis hərəkətə keçib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov açıqlama verib.
"Polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbir görülməklə neqativ hal aradan qaldırılıb. Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub",-deyə Elbrus İbrahimov bildirib.
Qeyd edək ki, paytaxtın Yasamal rayonunda vətəndaşları intihara təhrik edən qəhvə köşklərinin fəaliyyətə başlaması ilə bağlı görüntülər yayılmışdı.
Əldə edilən məlumata əsasən, həmin səyyar satış məntəqəsi şəbəkə şəklində fəaliyyət göstərirdi. Köşkün üzərindəki yazıları diqqətlə oxuduqda görünür ki, paytaxtın mərkəzi, ən işlək küçələrindən biri, üstəgəl gənclərin, tələbələrin ən çox istifadə etdiyi ərazidə intiharın təbliğatı ilə məşğul olunur.
Menyuda müştərilərə təqdim edilən içki "intihar kofe" adlandırılıb. "Arauşağı" adı altında fəaliyyəti göstərən qəhvə şəbəkəsi köşkə müştəri cəlb etmək üçün seçdiyi uğursuz şüar isə "bu gün intihar edim, yoxsa kofe içim?" olub. Maraqlısı da odur ki, artıq bir müddətdir işləyən səyyar satış köşkünə, hətta AMEA-dan belə reaksiya verilməyib.