Azad Media Susdurula Bilməz!
Bakı bulvarında ləziz və bahalı yemək yeyib-içən turistlər tualet tapmır...
foto rubli̇ka

Bakı bulvarında ləziz və bahalı yemək yeyib-içən turistlər tualet tapmır...

Xəzərin sahilində yerləşən Bakı bulvarı yerli əhali ilə yanaşı xarici vətəndaşların gecə gəzintisinə çıxdığı ən gözəl məkanlardandır. Buranın səliqəli düzəni, dənizin meyxoş havası xüsusi cazibə yaradır. Darıxan, sıxılan, kədərini unutmaq istəyən, dərdi olan bura qaçır... Bu anlamda Bakı bulvarının tayı-bərabəri yoxdur.

Lakin, bəzən qarşılaşdığımız mənzərələr dərdimizi unutmaq istədiyimiz yerə gələrkən heç də kömək olmur. Kədərlənib, üzülüb geri qayıdırıq. Bəlkə də bir daha o yerə heç getmək istəmirik.

Təəssüflə, belə halların sayı nə qədər azalsa da, hələ ki, bəzi mənfi nöqsanların qalıcı olması bunu deməyə əsas verir.

Sözümüzün canı, Bakı bulvarında bu gün gəzməyə gələn qonaqların yemək-içmək, gəzmək yerləri nə qədər lüks səviyyədə təmin olunsa da, onların gündəlik ehtiyaclarının qarşılanması üçün sanitar qovşaqların işə salınması unudulub. Günün ən gəzməli saatlarında tualeti işləməyən bulvarda ən bahalı və ləziz təəamları dadan turistlərin əhvalları yaxşı olmur. Axşam 11:00- dan sonra Bakı bulvarında tualetlər işləmir. Şaşırtıcı olay insanı düşünməyə vadar edir.

Referans.az ictimai rəyi öyrənməkçün sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib.

Ekspert bildirib ki, başqa ölkələrə tez- tez səyahət edir və istənilən ölkəyə gedəndə günün sonunda o ölkə haqda adamda təsəvvür yaranır:

“Səninçün ha tərifləsinlər ki, o ölkə belə gözəldi, elə gözəldi... İlk təəssüratı yaradan və bəlkə də sonradan o ölkənin taleyində mühüm rol oynayan məsələlərdən biri sanitar qovşaq məsələləridir. Bir dəfi Afrika ölkələrinin birinə ən yüksək səviyyədə səfərə getmişdim, hələ də oranın adı gələndə mən yemək yeməyə iyrənirəm. Dəfələrlə olub ki, İçərişəhər metrosunun aşağı hissəsində yerləşən sanitar qovşağı natəmiz görmüşəm. Rəhbərliyi tapıb, ən kəskin sözləri demişəm. Məlum olub ki, tanıdığım adamlardır. Bunlar hamısı ölkə haqda ictimai rəy yaradır. Sanitar qovşaqlar yüksək səviyyədə olanda birinci yerli əhali rahat yaşayır, ikinci də ölkə haqda xarici qonaqlarda çox ciddi fikir yaranır. Dəfələrlə bununla bağlı müsahibələrim olub. Çox sağolun ki, bu məsələyə diqqət ayırırsınız. 15 il bundan qabaq da belə iyrənc hal ilə qarşılaşmışdım və çox sərt tənqid eləmişdim”.

Sosioloq Azərbaycanın məşhur yerlərinə gedən zaman başına gələn hadisələrdən də adbaad danışmağa çəkinməyib:

“Bu yaxınlarda İsmayıllıya gedəndə yolda kükürdlü su var, onun yanında tualet elə pis gündə idi ki, bunu bir dəfə görən Azərbaycan barəsində dəhşətə gələr. Daha sonra 2 il öncə idi, Şəkidə məşhur Xan Sarayına getmişdim. Kənarda dayananda iki xarici vətəndaş bizim ölkə haqda çox kəskin danışa-danışa gəlirdi. Xarici dili bildiyimçün nədən danışdıqlarını bildim. Durub özüm getdim və gördüm ki, 50 metr aralıda sanitar qovşaq o qədər iyrənc vəziyyətdədir ki... Dəhşətə gəldim”.

Mövzuya Dənizkənarı Bulvar İdarəsinin mövqeyini öyrənməkçün müraciət etdik. İdarənin Mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Referans.az-ın sorğusunu cavablandırdı. Bildirdi ki, yay aylarında bulvara insan axını daha çox olur. Bu nəzərə alınaraq sanitar qovşaqların iş qrafiki yaxın günlərdə müvafiq qaydada tənzimlənəcək.
 

IRON MAX AZERBAIAN