*Hicaba görə məktəbə buraxılmayan şagird və müəllimələr üçün YADDAŞ*
Məktəbin qapısında səs-küy, mübahisə və dava salmayın: Bu zaman məktəb rəhbərliyi dərhal polis çağıraraq valideyni və ya müəllimi "ictimai qaydanı pozmaq" bəhanəsi ilə cərimələtdirə və ya saxlatdıra bilər.
Müəllimlər: "Öz ərizəmlə çıxıram" YAZMAYIN! Ən böyük tələ budur. Əgər öz xahişinizlə ərizə yazsanız, sonra heç bir məhkəmə və ya hüquq orqanı sizə kömək edə bilməyəcək. İmtina qərarını məktəb rəhbərliyi rəsmi əmrlə verməlidir.
Şifahi "get evə" sözü ilə çıxıb getməyin: Əks halda jurnala "üzrsüz gəlmədi" yazıb qaib salacaqlar. Hər addım sənədləşdirilməlidir.
1. Sakit qalın və vaxtı sənədləşdirin
Məktəbə vaxtında gəldiyinizi sübut etmək üçün məktəbin qarşısında saat və tarix aydın görünəcək formada qısa video və ya foto çəkin (tələsmədən və təhrik etmədən).
Bu, sonradan direktorun "özləri dərsə gəlməyib" bəhanəsini aradan qaldırır.
2. Yerindəcə sadə "AKT" tərtib edin
Yanınızdakı digər valideynlərlə və ya şahidlərlə birlikdə adi ağ vərəqə 3 cümləlik akt yazın:
"Biz aşağıda imza edənlər təsdiq edirik ki, [Tarix] günü saat [08:00]-da [Məktəb nömrəsi]-nin [şagirdi / müəllimi] [Ad, Soyad] məktəb binasına daxil olmaq istəsə də, rəhbərlik tərəfindən hicablı olduğu əsası ilə dərsə buraxılmadı".
Altından 2 nəfər imza çəkir, ad-soyadını və telefon nömrəsini qeyd edir. Bu, gələcək üçün rəsmi sübutdur.
3. Məktəbə 2 nüsxədə rəsmi ərizə təqdim edin
Hazır ərizə formasını çap edib 2 nüsxədə direktora aparın. Bir nüsxə məktəbdə qalır, ikinci nüsxənin üstünə məktəb katibliyi "Daxilolma nömrəsi, tarix və imza" qoymalıdır.
Əgər ərizəni qəbul etməkdən imtina edirlərsə, dava salmayın! Ən yaxın Azərpoçt şöbəsinə gedin və ərizəni məktəbə "Sifarişli / Bildirişli məktub" kimi göndərin. Poçt qəbzi 100% rəsmi qəbul sayılır.
4. Yuxarı qurumlara eyni anda şikayət göndərin
Məktəbin cavabını gözləmədən, eyni məzmunlu ərizələri poçtla və ya elektron qaydada yuxarı orqanlara (Ombudsman, Elm və Təhsil Nazirliyi, Prezident Administrasiyası) göndərin.
"Vətəndaşların müraciətləri haqqında" Qanuna əsasən ən geci 15 iş günü ərzində rəsmi yazılı cavab verməyə borcludurlar.

