Azad Media Susdurula Bilməz!
“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası
cəmi̇yyət

“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası

 

Salmanlı Fərman Nelman oğlu

 

Bələdiyyə məslələri üzrə ekspert

E-poçt:salmanlif80@gmail.com

Müasir urbanizasiya proseslərinin sürətlənməsi və rəqəmsal transformasiyanın geniş vüsət alması şəhər mühitində sosial strukturun yenidən formallaşmasına gətirib çıxarmışdır. Bununla belə, sözügedən transformasiya fərdlərin lokal icma həyatından təcrid olunması, sosial kapitalın aşınması və yerli həmrəylik mexanizmlərinin zəifləməsi kimi konseptual problemləri də bərabərində gətirir. Bu məqalədə sakinlərin yerli icma qarşısında sosial və etik məsuliyyətinin strukturlaşmış elmi təhlili təqdim olunur. Təqdiqat çərçivəsində könüllülük fəaliyyətinin sosial kapitalın möhkəmlənməsinə, icma layihələrinin səmərəli həyata keçirilməsinə, sakinlərin icma rifahına və inkişafına verə biləcəyi tövhələr araşdırılır. Məqalədə icmanın inkişafı naminə yeni bir məsuliyyət modeli irəli sürlür. İşin əsas məqsədi sakinlərin passiv müşahidəçidən fəal icma subyektinə çevrilməsi və bu fəaliyyətin icma qarşısında mənəvi öhdəlik həmçinin məsuliyyət kimi qəbul edilməsi  mexanizmlərini əsaslandırmaqdır.

 

Tədqiqatın məqsədi və məsələnin qoyuluşu:

 

Müasir dövürdə cəmiyyətlərin üzləşdiyi  əsas sosioloji problemlərindən biri fərdiyyətçiliyin güclənməsi və sosial bağların zəifləməsidir. Bu tendensiya fərdlərin mənsub olduqları yerli icmalar qarşısında sosial məsuliyyət hissinin zəifləməsinə, yerli problemlərin həllində passivliyə və sosial bağların tədricən qırılmasına səbəb olur. Halbuki, insan psixologiyası sosial xarakter daşıyır (1,s.8).

 

Xüsusilə rəqəmsal transformasiya və sosial şəbəkələrin geniş yayılması fərdlərin ünsiyyət formalarını köklü şəkildə dəyişdirmişdir.

 

Sakinlərin passiv müşahidəçi mövqeyinə keçməsi yerli özünüidarəetmə və icma inkişafı layihələrinin səmərəliliyinə mənfi təsir göstərir. Sakinlərin bir çoxunun  cins, irq, din və sosial status fərqliliklərinə görə yerli  təşəbbüslərdən kənarda qalması, icma daxilində həmrəyliyin zəifləməsinə, yerli qərarların qəbulunda və icma problemlərinin həllində təşəbüskarlıq göstərməməsi onların fərdi potensialını və könüllülüyün resurslarının sistemli şəkildə səfərbər olunmamasna səbəb olur. Bu baxımdan fərdləri icmannn inkişafı naminə səfərbər edə biləcək yeni konseptual yanaşmanın işlənilməsi böyük zərurət kəsb edir. Sözügedən yeni nəzəriyyə sakinlərin icma qarşısndakı sosial məsuliyyət şüurunu artırmaqla onların könüllü fəaliyyətinə zəmin yaratmalıdr.

 

Xüsusən köç alan şəhər və qəsəbələrdə miqrasiya müxtəlif etnik qrupların qarışmasına, etnik və dini cəhətdən yekcins olmayan cəmiyyətlərin yaranmasına zəmin yaradır (5,s.82).

 

Bu çərçivədə, müxtəlif irq, din, cins və sosial duruma aid olan fərdlərin yaşadıqları mühitə inteqrasiyası və icma bağlılığının bərpası üçün dayanıqlı sosial həmrəylik modellərinin tətbiqi şəhər idarəetməsinin  prioritet istiqamətlərindəndir. Hazırlanacaq yeni model könüllülük fəaliyyəti ilə ictimai məsuliyyət anlayışlarını effektiv şəkildə uzlaşdırmaldır.

 

Təqdim olunan tədqiqat çərçivəsində sakinlərin yerli icma qarşısında sosial və etik məsuliyyətinin strukturlaşmış analizi aparılır. Eyni zamanda, könüllülük fəaliyyətinin sosial kapitalın möhkəmlənməsinə, resursların optimallaşdırlmasına və yerli inkişaf layihələrinə töhfəsi elmi-metodoloji müstəvidə təhlil edilir.

 

Təklif etdiyim “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti”  modeli fərdin yaşadığı məntəqənin ictimai həyatında könüllü iştirakını özündə ehtiva edən sosial-ictimai yanaşmadır. Konsepsiya könüllülük və icma qarşısında sosial məsuliyyət adlanan iki əsas anlayışı bir modeldə özündə birləşdirir. şəxsin öz sərbəst iradəsi ilə heç bir maddi mənafe və ya əmək haqqı güdmədən, cəmiyyətə və ya ətraf mühitə fayda vermək üçün zamanını, bilik və bacarıqlarını sərf etdiyi təmənnasız fəaliyyət növüdür. Sosial kəliməsi isə latınca “sosialis” sözündən götürülmüşdür və mənası cəmiyyət anlayışına uyğun gələn “ümümi” və ya “ictimai” mənasını verir ( 2, s. 122).

 

İrəli sürdüyüm yeni modeldə əsas prinsip şəxsin yalnız hüquqlarını tələb etməklə fəaliyyəti passivləşən sakin deyil, eyni zamanda icma qarşısında vəzifələrinində dərk edən və əməli fəaliyyəti ilə icmanın inkişafına töhvə verən icma üzvünün aktiv fəaliyyətidir. Jan Jak Russo “İctimai müqavilə” nəzəriyyəsində bu məsələyə toxunaraq sakinlərin öz güclərini və hüquqlarını icmanın ümumi mənafeyi naminə birləşdirməsinin fərdi passiv subyekt olmaqdan çıxararaq icma inkişaf modelinin məsuliyyəti və aktiv iştirakçısına çeviridiyini qeyd etmişdir (11, s.14).

 

Könüllülük və sosial məsuliyyət anlayışlarının birləşməsi ilə formalaşmış bu konsepsiya fərdlərin yaşadığı icmanın məsələn məhəllənin, kəndin, qəsəbənin və ya şəhərin sosial, iqtisadi və mədəni inkişafına aid məsələlərdə təşəbbüskar və aktiv iştirakını əsas tutmaqla bir növ fərdin üzərinə mənəvi məsuliyyət yükləyir. Bu konsepsiya əsasən hər bir sakinin öz bilgisi, bacarığı və mənəvi dəyəri ilə icmanın rifahı, inkişafı və təhlükəsizliyi naminə könüllü iştirak etməyi nəzərdə tutan,  “hər sakin bir könüllü olmalıdır” prinsipinə əsaslanır.

 

Bu yeni modeldə heç bir məcburiyyət yoxdur, hüquqi öhdəlik yoxdur və fərdin daxili istək və mənəvi dəyərlərinin təzahürü olaraq ortaya çıxmalıdır. Hər bir sakin könüllülüyü etik öhdəlik kimi şüurlu olaraq qəbul etməli və sosial həmrəyliyi inkişaf etdirməlidir. Şəxs könüllü fəaliyyəti ilə cəmiyyətin və digər şəxslərin xeyrinə fəaliyyət göstərməlidir. Bunu icma qarşısında xidmət olaraqda adlandırmaq mümkündür. Konsepsiyada nəzərdə tutulan fərdin məsuliyyəti  dedikdə heç bir inzibati məcbur etmə mexanizmi olmadan şəxsin mənəvi məsuliyyəti və ya sosial cavabdehlik daşıması başa düşülməlidir. “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti”  konsepsiyası ilk öncə fərdlərə ekosistemin ayrılmaz parçası olduğunu dərk etməyə dəvət edir.

 

Həyatın davamlılığının yaşadığımız dünyanın ekosisteminin davamlılığna bağlı olduğunu və hər bir şəxsin könüllü olaraq dünyamızın ekosisteminə öz yaşadığı icma daxilində tövhə verməyin vəzifəsi olduğunu bilməlidir. Bu barədə effektiv Alturizm hərakatının banilərindən biri Viliyam MacAskill qeyd edirdi ki, “İndi inanıram ki, dünyanın uzunmüddətli taleyi qismən bizim ömürümüz ərzində etdiyimiz seçimlərdən aslıdır. Gələk möhtəşəmdə, yaxud dəhşətlidə ola bilər (10, s.13).

 

Yəni hər bir sakin var olduğu və yaşadığı icma qarşısında sosial məsuliyyət daşıdığını, bu məsuliyyəti insanlığın və dünyamızın xoşbəxt gələcəyi naminə etməli olduğunu, icma üçün edəcəklərini heç bir maddi qazanc müqabilində deyil, könüllü olaraq həyata keçirəcəyini şüurlu sürətdə dərk etməlidir.

 

Kainatın və təbiətin daxili nizami strukturuna nəzər saldıqda aydın olur ki, mövcud olan hər bir canlı və ya cansız varlıq passiv, izole olunmuş və yalnız təktərəfli istehlakçı rolunda çıxış etmir. Təbiətdə var olmaq bilavasitə daxil olduğu ekosistemə müəyyən bir dəyər qatmaq və onun balansı üçün töhfə vermək deməkdir. Müasir sosial elmlərdə fərdin cəmiyyət qarşısında öhdəlikləri adətən hüquqi məcburiyyət və ya mənəvi xeyriyyətçilik konteksində izah edilə bilər. Lakin bu yanaşma məsuliyyəti fərd üçün xarici yük kimi təqdim edir.

 

Bəhs edilən konseptual modeldə isə sosial və ekoloji məsuliyyət insanın təbiətdən gələn varlıq şüurunun təbii zərurəti kimi əsaslandırılır. Təbiətdəki canlı və ya cansız hər bir ünsür daxil olduğu mühütdə eyni vaxtda çoxşaxəli fayda təmin edən sistemin halqasıdır. Məsələn ağac və bitki örtüyü sadəcə bioloji orqanizm deyil, eyni vaxtda o oksigen deposu, torpağın erroziyasının qarşısını alan sipərdi, canlılar üçün kölgəlik və sığınacaqdır, verdiyi meyvə və yarpaqlar qida zəncirinin bünövrəsidir,  həyat dövrünü  başa vurduqda isə gövdəsi ləvazimat olaraq və ya yeni həyatın yaranmasına xidmət edir.

 

Heyvanlar təbii instinkləri ilə ekosistemin balansını saxlayır, eyni zamanda əti, südü, dərisi, sümüyü və funksional fəaliyyəti ilə bütöv bir həyat dövriyyəsinin aparıcı qüvvəsi kimi çıxış edir. Hətta torpaq, su və hava kimi elementlər belə öz varlığı ilə canlılığıın davamlığı üçün zəmin  yaradır və resursların ötürücüsü rolunu oynayır. Göründüyü kimi təbiətdə sadəcə alıb verməyən tək bir ünsür belə yoxdur. Var olmaq sistemin ümumi fayda dövriyyəsinə inteqrasiya olunmaq deməkdir.

 

Ağaclar, heyvanlar və ya hər hansı elementlər ekosistemə tövhəni bioloji proqramlaşdırma, instink və ya təbiət qanunlarının təsiri ilə edir. İnsanın varlıq fərqi və fəlsəfi üstünlüyü məhz onun şüurunda, idrakında və seçim azadlığındadır. Biz insan olaraq anlamalıyıq ki, təbiətdən və cəmiyyətdən yalnız resurs mənimsəyən, lakin əvəzində heç bir ekoloji və sosial fayda istehsal etməyən fərd təbiətin daxili zəncirini qırır və sosial enerji istehlakçısı vəziyyətinə düşür. İnsan olduğumuz üçün biz təbiətin instinktlə etdiyini şüurumuzla, iradəmizlə və fəal addmlarımızla icra etməyə borcluyuq. İcma qarşısında sosial məsuliyyət kənardan tətbiq edilən inzibati bir qayda və ya müvəqqəti xeyriyyəçilik aksiyası deyil, insan olmağımızın fəlsəfi və bioloji şərti olmalıdır. Con Lok Hökümət haqqında iki traktat əsərində ilahiyyatçı Riçard Huklerə istinad edərək göstərir ki, təbiətin insanlara bəxş etdiyi bərabərlik sadəcə fərdi hüquqlar vermir, həmdə insanların bir-birinə borclu olduğu mənəvi öhdəliklərin, ədalət və yardımsevərlik prinsiplərinin əsasını təşkil edir ( 12, s. 14).

 

Con Lokun mənəvi öhdəlik yanaşmasının əksinə,  Tomas Hobs dövlətin olmadığı mühitdə insan fərdlərinin bir-biri ilə müharibə vəziyyətində olacağını vurğulayırdı. Hobsa görə, cəmiyyətdə bərabəriyi saxlayan amil könüllü yardımsevərlik deyil, dövlətin inibati və məcburi gücüdür (9, s. 94).

 

Cəmiyyətdə iki fərqi idarəetmə mühitinin varlığını əsaslandıran B.Barbere görə mərkəzi siyasətdən fərqli olaraq məhəllə və icma birlikləri sakinlərin ortaq problemləri həll etmək və birgə planlar qurmaq üçün könüllü şəkildə bir araya gəldiyi səmimi sosial məsuliyyət platformasıdı ( 6, s. 24).

 

Con Rolsun “Ədalət nəzəriyyəsində” cəmiyyətin əsas strukturları və hüquqi institutları fərdlərin qarşılıqlı münasibətlərini tənzimləyən təməl mexanizlər kimi yəni yuxarıdan aşağıya yönəlmiş təməl mexnizmlər ilə çıxış edir ( 7, s. 15-30).

 

İrəli sürdüyüm “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasında isə Con Rolsun nəzərdə tutduğu ədalətli cəmiyyət idealı yalnız yuxarıdan-aşağıya tətbiq olunan dövlət mexanizmləri ilə deyil, həmdə sakinlərin öz icmalarına qarşı dərk etdiyi könüllü sosial məsuliyyəti hissi ilə tamamlandıqda real və davamlı nəticə verə bilər.

 

Fərd anlamalıdır ki, daxil olduğu icmanın abadlığı, sosial həmrəyliyi, ekoloji təmizliyi onun daxili borcudur. İcmanın inkişafına verilən hər bir tövhə istər fiziki əmək, istər bilik, istərsədə ekoloji qayğı fərdin öz yaşayış keyfiyyətinə birbaşa təsir edən simvolik dövriyyərdir. Dolayısı ilə, təbiətin hər bir elementi öz ekosisteminə xidmət etdiyi kimi, insanda şüurlu bir varlıq olaraq daima aid olduğu icma üçün faydalı olmağa çalışmalıdır. Robert Putnamın tədqiqatlarında göstərdiyi kimi, kollektiv fəaliyyət dilenmalarının aşılmasında və məsuliyyətdən yayınmanın aradan qaldırılmasında cəmiyyətin malik olduğu sosial kapital-yəni etimad, qarşılıqlı yardım normaları və sosial ünsiyyət həll edici rol oynayır. Bu cür dəyərlərin kök saldığı icmalarda fərdlərin könülü əməkdaşlığı və ümumi rifah naminə fəaliyyəti daha səmərəli şəkildə formalaşır (8 , s. 167)

 

Məlumdur ki, insan bütün dünyanı birdən-birə dəyişməyə qadir olmasa da öz icması daxilində faydalı işlər görmək imkanına və gücünə malikdir. Qlobal ekosistem insanının yaşadığı məhəllə və ya icmanın davamı, fərdin icması isə makro dünyanın mikro modelidir. Qlobal ekoloji və sosial problemlər fərd üçün hədsiz böyük və mücərrəd olduğu üçün bu mücərrədliyin aradan qaldırılmağının təsirli yollarından biri  “hər sakin bir könüllü” prinsipinə əsaslanan “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti konsepsiyasıdır.

 

Bələdiyyə İdarəetməsi Müstəvində Modelin İnstitusional Səmərəsi:

 

Konsepsiya tətbiqi prosesi necə olmalıdır? Əgər İcmaların daxilində “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasnın fəlsəfi əsasları və faydaları haqqında marifləndirmə işləri aparılarsa və yeni modlel tətbiq edilərsə  icma üzvləri  öz peşəkar bilik və bacarıqlarnı əlavə resurs və maliyyə xərci çəkmədən birbaşa sosial faydaya çevirmək imkanı qazanacaqlar.

 

“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasının bələdiyyə idarəetməsində tətbiq edilməsi yerli özünüidarəetmə üçün səmərəli nəticələr verə bilər. Belə ki, sözügedən model bələdiyyələr üçün  həm institutsional,  həmdə praktiki baxımdan geniş imkanlar açaraq icma ilə yerli hakimiyyət arasında yeni əməkdaşlıq mexanizmləri formalaşdırır.

 

Yerli özünüidarəetmə orqanları bu konsepsiyanı tətbiq etməklə icmanın daxili potensialını səfərbər edərək, bələdiyyə büdcəsinə düşən yükü minumuma endirməklə yanaşı bələdiyyəyə olan ictimai etimad indeksinidə yüksəldəcəkdir. Çünki, fəaliyyəti subsidiarlıq prinsipi üzərində qurulmuş bələdiyyələr sakinlərə ən yaxın idarəetmə və qərarvermə orqanıdır.

 

Daha dəqiq ifadə etsək bələdiyyələr əslində elə icma üzvləri olan sakinlərin özlərinin yaratdığı müstəqil yerli  özünüidarəetmə institutudur. İcmalarda fərdlərin sosial məsuliyyətini dərk edərək könüllü fəaliyyət göstərməsi yerli özünüidarəetmə institutlarının dayanıqlı inkişafını təmin edir. Məsələn, konsepsiyanın mahiyyətini mənimsəmiş sakinin bələdiyyə vergi və ödənişlərininin ödənilməsini sadəcə inzibati məcburiyyət kimi deyil, mənəvi borc və icmaya şüurlu töhfə  olaraq dərk etməsi bu modelin praktiki səmərəliyinə əyani nümunədir.

 

Bu baxımdan məhəllə səviyyəsində icma təşəbbüslərinin yerli özünüidarəetmə orqanları və könüllülərin sıx koordinasiyası çərçivəsində icrası daha səmərəli nəticələr verə bilər. Sakinlərin iştirakı tamamilə könüllülük prinsipinə əsaslandığından hər hansı məcburiyyət hiss etməyən icma üzvləri öz vaxt və bacarıqlarına uyğun fəaliyyət sahəsini sərbəst şəkildə seçirlər.

 

Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti konsepsiyası" həyata keçirilərsə icma daxilində sosial əlaqələr möhkəmlənəcək, icma qarşısında məsuliyyətini dərk edən sakinlər yerli problemlərə daha həssas yanaşacaq, sosial məsuliyyət hissi güclənəcək, sakinlərin könüllü şəkildə icmanın xeyrinə fəaliyyətləri artacaq, ətraf mühütün qorunmasına daha çox əmək sərf ediləcək, yaşıllıqlar artacaq, abadlıq və təmizlik işləri daha geniş vüsət alacaq, sakinlərin liderlik və təşkilaçılıq qabiliyyətinin inkişaf etməsi nəticəsində həm fərdi, həmdə icma səviyyəsində inkişaf artacaq, yerli resursların daha səmərəli istifadəsi icmaların inkişafına şərait yaradacaq, vətəndaş iştirakçılığı sayəsində yerli səviyyədə demokratiya inkişaf edəcək, icma qarşısında məsuliyyətin dərk edilməsi  yerli səviyyədə inkişafa səbəb olacaq. Bələdiyyənin ərazisi abadlaşacaq, yerli problemlər həll olacaq, vergi yığımında və ianələrdə artım hiss ediləcək. Nəticədə bütün bunlar bələdiyyənin inkişafına öz töhfələrini verəcək.

 

İcma könüllülərinin fəaliyyəti  əsasən yaşıllaşdırma, yaşlılara xidmət, gənclərlə iş, təmizlik aksiyaları, mədəni tədbirlər, fövqaladə hallarda dəstək  və yerli özünüidarəetmə orqanlarnın yerli problemlərin həlli istiqamətində gördüyü işlərdə yaxndan iştirak kimi sahələri əhatə edir.

 

Konsepsiyanın Praktiki İdrəetmə Alətinə Çevrilməsi üçün 7 institusional Addım:

 

Bunları nəzərə alaraq  konsepsiyanın nəzəriyyədən praktiki idarəetmə alətinə çevirmək üçün yerli özünüidaretmə orqanları tərəfindən aşağıdakı institusional addmların atılması zəruridir:

 

1.     Marifləndirmə və icma İnfrastrukturu:

 

Konsepsiyanın fəlsəfəsi və mahiyyəti haqqında, broşürlər çap edib sakinlər arasında paylanılması və icmaların yaradılması istiqamətində tədbirlərin görülməsi:

 

2.     “Məhəllə İcma Şuralarının İnstitusionllaşdılması”:

 

Bələdiyyələrin nəzdində sakinlərin təşəbbüslərini birbaşa yerli qərarverici orqanının gündəliyinə inteqrasiya edən müstəqil iştirakçılıq strukturu təsis edilməlidir.Bunun üçün bələdiyyələrin nizamnamələrində və daxili əsasnamələrində icmalarn rolu rəsmiləşdirilir.Beləliklə icmalar ərazilərdən şikayət edən qruplar olaraq deyil bələdiyyələrin rəsmi olaraq tanıdığ məşvərətçi orqana çevrilir.

 

3.     Qərarvericilikdə Birbaşa iştirak:

 

Məhəllə daxilində ortaya çıxan problemlər və ya sakinlərin könüllü sosial təşəbbüsləri ilk olaraq icmada müzakirə olunur. İcmanın hazırladığı təkliflər birbaşa Bələdiyyə iclasının gündəliyinə məcburi olaraq baxılmalı məsələ kimi daxil edilir.

 

4.     Logistik və Resurs Dəstəyi Mexanizmləri:

 

Bələdiyyələr sakinlərin könüllü sosial layihələrinə birbaşa maliyyə ödənişi əvəzinə alətlər, avadanlıqlar, texniki dəstək, qapalı və ya açıq məkanlar və hüquqi məsləhət imkanı yaratmaldır.

 

5.     “İcma Bacarıq Bankı”nın yaradılması:

 

Rəssam, hüquqşünas, musiqiçi, müəllim, aqronom, telefon və kompüter təmirçiləri, İT mütəxəssisi və digər sahələr üzrə bilik və bacarğı olan icma üzvlərinin həftədə və ya ayda neçə saat könüllü vaxt ayıra biləcəyinin qeydiyyatı və invertarlaşdırılması aparılmalıdır.

 

6.     Ehtiyacların İnvertarlaşdırılması və Xəritələndirilməsi:

 

İcma daxilində ehtiyaclar müəyyənləşdirilməlidir. Buraya uşaq parklarında oturacaqların təmiri, ehtiyacı olan şagirdlərə dərs dəstəyi, yaşlı insanlara telefon və ya  kompüter barədə biliklərin verilməsi və digər məsələlər daxil ola bilər.

 

7.     Rəsmi Qiymətləndirmə və Motivasiya Mexanizmi:

 

Yerli vergiləri vaxtında ödəyən və ya digər sakinləri vergilərini ödəməyə təşviq edən, icmanın abadlaşdırılmasına könüllü töhfə verən fəal sakinlərin fəaliyyəti bələdiyyələr tərəfindən rəsmi olaraq qiymətləndirilməli, həvəsləndirici mükafatlar və fəxri adlar təyin edilməlidir.

 

Konsepsiyanın həyata keçirilməsi üçün icma daxili ehtiyaclar müyyənləşdirilməlidir. Burayda yaşayış məntəqəsində və ya məhəllədə mövcud çətinliklərin birgə müzakirə edilməsi və plan qurulması daxildir. fərdlərin icma daxilində məhəllələrin təmizliyi, abadlığı, öz bilik və bacarığı daxilində digər icma üzvlərinə dəstəyi, az təminatlı ailələr yardım, qocalara və ehtiyacı olan şəxslərə humanitar yardım göstərilməsi.

 

Tədqiqatın əsas məqsədi fərdlərin icma daxili proseslərdə aktiv iştirakını təmin edən "Sakininlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyasının nəzəri-metodoloji əsaslarını işləyib hazırlamaq, sakinlərin könüllülük və sosial məsuliyyət dərəcəsini artıracaq praktiki tətbiq mexanizmlərini və davamlı icma inkişaf modelini müəyyən etməkdir.

 

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı konkret elmi və praktiki məsələlərin həlli nəzərdə tutulur:

 

Nəzəri bazanın sistemləşdirilməsi: Mövzu ilə bağlı klassik və müasir sosioloji, fəlsəfi nəzəriyyələri (sosial müqavilə, sosial kapital, vətəndaş məsuliyyəti və ictimai rifah yanaşmaları) konsepsiya prizmasından təhlil etmək.

Mövcud vəziyyətin diaqnostikası: Sakinlərin hazırkı sosial məsuliyyət səviyyəsini, bir-birinə və yerli təsisatlara olan etimad indeksini (sosial kapitalını) empirik metodlarla qiymətləndirmək.

Motivasiya və maneələrin müəyyənləşdirilməsi: Sakinləri yerli icma problemlərinin həllində təmənnasız (könüllü) fəaliyyətə sövq edən daxili mənəvi faktorları (altruizm) və onlara mane olan daxili/xarici amilləri aşkar etmək.

Resursların xəritələndirilməsi: İcmaların kənardan kömək gözləmədən, öz daxili insan potensialı və imkanları hesabına problemləri kollektiv şəkildə həll etmə bacarıqlarını (Asset-Based Community Development) analiz etmək.

Konsepsiyanın tətbiq mexanizminin qurulması: "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" modelinin real həyatda (məsələn, pilot məhəllə və ya rayon miqyasında) tətbiq olunması üçün fəaliyyət alətlərini və stimullaşdırıcı metodları formalaşdırmaq.

Tövsiyələrin hazırlanması: Sakinlərdə aktiv vətəndaşlıq və "özünüidarəetmə" vərdişlərini gücləndirmək, habelə konsepsiyanın davamlılığını təmin etmək üçün yerli icma idarəçilərinə yönəlmiş elmi-praktiki tövsiyələr irəli sürmək.

“Konsepsiyanın Nəzəri-metodoloji Əsasları”

 

"Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyətı konsepsiyasının" nəzəri bazası  aşağıdakı fundamental sosioloji və fəlsəfi nəzəriyyələr üzərində qurulmuşdur:

 

1.     Sosial müqaviləvə nəzəriyyəsi(Social Contract Theory):

 

Sosial müqavilə nəzəriyyəsi  fərd ilə cəmiyyət və lokal icma arasındakı münasibətlərin fundamental fəlsəfi-hüquqi əsasını təşkil edir. Bu nəzəriyyənin əsas klassik nümayandələri olan Tomas Hobbs, Con Lok və Jan Jak Russoya görə fərdlər müəyyən hüquq və azadlıqlarını icma qarşısında öhdəliklərlə əvəz edir, cəmiyyət isə onların təhlükəsizliyini və rifahını təmin edir. Bu ikitərəfli  sosial müqavilə nəticəsində fərdlər və cəmiyyət araşında qarşılıqlı etimad və bağlılıq yaranır. Beləliklə, sosial müqavilə hər iki tərəf üçün müəyyən məsuliyyət yaradır və sakini  öz cəmiyyətinin inkişafınnda aktiv iştirakçıya çevirir. Bu ikitərəfli konsensus subyektlər arasında qarşılıqlı etimad, legitimlik və üzvi bağlılıq formalaşdırır.

 

"Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində “Sosial müqavilə nəzəriyyəsinin” metodoloji interpretasiyası və tətbiqi:

 

Tədqiqatın metodoloji strukturunda sosial müqavilə prinsipləri sadəcə klassik fəlsəfi doktrina kimi deyil, lokal icma idarəçiliyinin funksional-struktur aləti kimi tətbiq olunur. Bu yanaşma aşağıdakı konseptual mexanizmlər vasitəsilə metodolojiləşdirilir:

 

Asimmetrik Münasibətlərin Transformasiyası (İstehlakçı paradiqmasının dəyişməsi): Ənənəvi yanaşmada sakin yerli idarəetmə orqanlarından (bələdiyyə və ya dövlət orqanlarından) yalnız birtərəfli xidmət gözləyən passiv "istehlakçı" rolundadır. Sosial müqavilə modelinin icmaya tətbiqi sakini bu passiv roldan çıxarır. Metodoloji baxımdan bu yanaşma sakinin lokal hüquqları ilə sosial öhdəlikləri arasında dinamik balans yaradılır.

Deliberativ (Müzakirəli) İştirakçılıq və İnstitusionallaşma: Sosial müqavilə prinsipləri sakinlərin icma daxilində kollektiv qərarların qəbulu prosesində aktiv iştirakçıya çevrilməsini tələb edir. Bu kontekstdə "sosial məsuliyyət" anlayışı mənəvi çağırış elementindən çıxaraq, fərdin icmanın dayanıqlı inkişafında pay sahibi olmasını qanuniləşdirən institusional-davranış metodu funksiyasını yerinə yetirir.

2.     Sosial Kapital nəzəriyyəsi(Social Capital):

 

Sosioloji müstəvidə sosial kapital fərdlərin və qrupların arasında qarşılıqlı etimad ortaq mənəvi və hüquqi  normaları, şəbəkələşmə imkanlarını ifadə edən mühüm qeyri-maddi resursdur.  ”Sosial Kapital” termini Latınca “capitalis (baş,əsas) və “socialis”(cəmiyyətlə əlaqəli) sözlərinin birləşməsindən yaranıb. Sosial kapital nəzəriyyəsinin akademik ədəbiyyatda əhəmiyyətli yer tutması, müasir sosioloqlar Pierre Bourdieu, James Coleman və Robert D Putnam kimi mütəxəssislərin tədqiqatları sayəsində olmuşdur. Robert D Putnama görə cəmiyyətin gücü sakinlər arasında horizontal əlaqələrin sıxlığından və “sosial bağların” keyfiyyətindən aslıdır. Putnamın yanaşmasına əsasən yüksək sosial kapital səviyyəsi icma daxilində kollektiv problemlərin daha az resurs sərf etməklə  səmərəli həllinə və icma daxilində həmrəyliyinin güclənməsinə birbaşa xidmət edir.

 

"Sakinlərin icma qarşısında könüllü məsuliyyəti" konsepsiyası çərçivəsində “Sosial Kapital” nəzəriyyənin metodoloji interpretasiyası və tətbiqi:

 

Tədqiqatın metodoloji arxitekturasında sosial kapital sadəcə mövcud vəziyyəti təsvir edən sosioloji indikator deyil, konsepsiyanın reallaşmasını təmin edən resurs-funksional metod kimi çıxış edir. Bu yanaşma çərçivəsində konsepsiya aşağıdakı iki əsas metodoloji mexanizm üzərində qurulur:

 

"Birləşdirici" və "Körpüsalan" Sosial Kapitalın Aktivləşdirilməsi: Metodoloji olaraq, konsepsiya icma daxilində iki fərqli sosial bağın qurulmasını hədəfləyir. Birincisi, eyni məhəllə və ya lokal ərazidə yaşayan sakinlər arasında daxili həmrəyliyin gücləndirilməsi (birləşdirici kapital); ikincisi isə fərqli icmalar, könüllü qrupları və lokal idarəetmə orqanları arasında şəbəkələşmənin formalaşdırılmasıdır (körpüsalan kapital). "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti" modeli bu iki bağın kəsişməsində strukturlaşdırılır.

Kollektiv Fəaliyyət Dilemmasının Həlli: Sosiologiyada fərdlərin ümumi icma problemlərinə qarşı laqeydliyi "faydalanan, amma töhfə verməyən" (free-rider) problemi yaradır. Təklif olunan konsepsiya sosial kapital metodologiyasına əsaslanaraq, könüllülük institutunu bir "ictimai norma" kimi irəli sürür. Sakinin sosial məsuliyyəti artdıqca, icmadakı etimad mühiti rasionallaşır və kollektiv fəaliyyətin effektivliyi riyazi və sosioloji olaraq yüksəlir.

Beləliklə, sosial kapital nəzəriyyəsi bu konsepsiyada lokal icmanın daxili potensialını (insan resursunu) üzə çıxarmaq, sakinlər arasında yadlaşmanı aradan qaldırmaq və könüllülük hərəkatını dayanıqlı etmək üçün inklyuziv mexanizm kimi  çıxış edir.

 

3.     Vətəndaş məsuliyyəti nəzəriyyəsi (Civic Responsibility):

 

Vətəndaş məsuliyyəti nəzəriyyəsi fərdlərin dövlət və cəmiyyət qarşısında hüquqi, əxlaqi və sosial öhdəliklərini, hüquqların məsuliyyətlə balanslaşdrılmasını ictimai normalar və qanuni çərçivə konteksində tənzimləyən fundamental doktirinadır. Bu nəzəriyyənin kökləri antik dövrə xüsusən Aristotelin "aktiv vətəndaş" fəlsəfəsinə dayansa da, müasir sosiologiyada və siyasi elmlərdə respublikaçılıq (civic republicanism) və kommunitarizm (communitarianism) çərçivəsində, xüsusilə A. Etzioni və M. Sandel kimi mütəfəkkirlər tərəfindən sistemləşdirilmişdir.

 

Nəzəriyyənin təməl prinsipləri qanunlara riayət, vergi ödəmə, dövlətə sadiqliq və ictimai həyatda aktiv iştirakı nəzərdə tutan vətəndaş cəmiyyətinin təməl prinsipi kimi qəbul edilir. Sosioloji düşüncə tarixində Aleksis de Tokvil vurğulayırdı ki, cəmiyyətin dayanıqlılığı sakinlərin yerli məsələlərdə könüllü iştirakından və “özünüidarəetmə” vərdişlərindən aslıdır.  Məsələnin hüquqi tərəfini passiv öhdəlik olaraq qiymətləndirən  Tokvilə görə cəmiyyətin inkişafı üçün vətəndaşın məsuliyyəti vergi ödəmək və qanunlara riayət etməklə məhdudlaşmır, o fərdin öz yaşadığı mühütə fəal mənəvi və sosial tövhə verməsini tələb edir.

 

Həmçinin “kommunitar” yanaşmaya görə, fərdi hüquqlar icma qarşısında daşınılan sosial və mənəvi öhdəliklərlə balanslaşdırılmalıdır. İcmanın dayanıqlılığı sakinlərin ümumi rifah naminə göstərdiyi könüllü fəallıqdan və vətəndaşlıq məsuliyyətindən asılıdır.

 

<

IRON MAX AZERBAIAN