Yasamal rayonundakı 345 saylı uşaq bağçasında təhlükəli vəziyyət: "Bağçanın həyətində tülkü və ilan gəzir"
Yasamal rayonunda yerləşən 345 saylı körpələr evi-uşaq bağçasında yaranmış vəziyyətlə bağlı səsləndirilən iddialar valideynlərin ciddi narahatlığına səbəb olub.
Jurnalist və valideyn Zəhra Kələndərovanın Bakufakt.az-a verdiyi məlumata görə, bağçanın həyəti uzun müddətdir təmizlənmir. Onun sözlərinə görə, ərazi hündür otlar və sıx kol-kosla örtüldüyündən uşaqlar üçün təhlükəli vəziyyət yaranıb.
Valideyn bildirir ki, əlində olan videogörüntülərdə bağçanın hasarlanmış həyətində tülkünün sərbəst şəkildə dolaşdığı əks olunub. İddiaya əsasən, görüntülərin birində tülkü həyətdə nəzarətsiz oynayan azyaşlının yaxınlığından keçərək ərazidən uzaqlaşır. Bundan əlavə, bağçanın həyətində ilanların da görüldüyü iddia edilir.
Jurnalistin səsləndirdiyi digər iddia isə daha ciddi suallar doğurur. Onun sözlərinə görə, bağçanın direktoru Aynurə İmanova həyətin niyə təmizlənmədiyi ilə bağlı müraciətə cavab olaraq, "Fond pulu yığılmadığı üçün bağban həyəti təmizləmir" ifadəsini işlədib.
Əgər bu iddia öz təsdiqini taparsa, belə bir sual meydana çıxır: dövlət uşaq bağçasında həyətin təmiz saxlanılması və uşaqların təhlükəsizliyinin təmin olunması valideynlərdən toplanan fond vəsaitindən asılı olmalıdırmı? Büdcə hesabına maliyyələşən məktəbəqədər təhsil müəssisəsində bağbanın öz vəzifəsini yerinə yetirməsi üçün əlavə vəsait toplanması hansı hüquqi əsaslara söykənir?
Yay mövsümündə uşaqlar günün böyük hissəsini bağçanın həyətində keçirdiklərindən ərazinin vaxtında təmizlənməsi, otların biçilməsi və təhlükəsizlik tədbirlərinin görülməsi xüsusi əhəmiyyət daşıyır. Buna baxmayaraq, həyətin kol-kos və hündür otlarla örtülü qalması, eləcə də ərazidə vəhşi heyvanların müşahidə olunduğu barədə iddialar valideynlərin narahatlığını daha da artırır.
Qeyd edək ki, məqalədə yer alan məlumatlar jurnalist və valideyn Zəhra Kələndərova tərəfindən səsləndirilən iddialara əsaslanır və müstəqil qaydada təsdiqlənməyib.
Bakufakt.az olaraq məsələ ilə bağlı 345 saylı körpələr evi-uşaq bağçasının direktoru Aynurə İmanovanın, həmçinin aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq.

