Bu analizlərə pul xərcləməyə dəyməz – Kardioloq açıqladı
Ürək-damar xəstəliklərinin qiymətləndirilməsi məqsədilə təyin olunan bəzi analizlər geniş yayılsa da, onların əksəriyyətinin sağlam insanlarda rutin istifadəsi tibbi baxımdan əsaslandırılmır.
"Bakufakt" bildirir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru, kardioloq İrina Vasilyeva bildirib. Həkimin sözlərinə görə, son illər profilaktik müayinələrə maraq artsa da, bəzi analizlər kommersiya məqsədilə həddindən artıq təklif edilir. Bu isə insanlarda əsassız narahatlıq yaradır, əlavə müayinələrə və lazımsız xərclərə səbəb olur. Kardioloq ilk növbədə Omeqa-3 indeksini qeyd edib:
"Bu göstərici tez-tez infarkt riskinin əsas göstəricilərindən biri kimi təqdim edilsə də, nəticəsi müalicə taktikasına təsir göstərmir. Avropa və ABŞ kardioloji tövsiyələrində də bu analizin müntəzəm aparılması məsləhət görülmür. Həkim ürək sağlamlığını qorumaq üçün həftədə 2-3 dəfə balıq yeməyin kifayət etdiyini bildirib. İkinci analiz homosistein səviyyəsinin müəyyənləşdirilməsidir.
Vasilyeva qeyd edib ki, əvvəllər bu göstəricinin aterosklerozun əsas səbəblərindən biri olduğu düşünülürdü. Lakin son araşdırmalar göstərir ki, homosistein xəstəliyin səbəbi deyil, sadəcə onunla əlaqəli göstəricilərdən biridir. Buna görə də əsas diqqət arterial təzyiqin, "pis" xolesterinin (LDL) nəzarətdə saxlanılmasına və siqaretdən imtinaya yönəldilməlidir". Həkimin faydasız hesab etdiyi üçüncü analiz isə D-dimer testidir.
Onun sözlərinə görə, bir çox insanlar bu analizi qanın "qatılığını" yoxlamaq məqsədilə verirlər. Halbuki D-dimer yalnız kəskin tromboz şübhəsi yarandıqda təcili diaqnostika üçün istifadə olunur. Heç bir tibbi göstəriş olmadan bu analizin verilməsi yanlış nəticələrin yaranmasına, insanlarda təşvişə və hətta həkim məsləhəti olmadan qan durulaşdırıcı dərmanların qəbuluna səbəb ola bilər ki, bu da ciddi qanaxma riski yaradır. Kardioloq vurğulayıb ki, ürək və damar sağlamlığını qorumağın ən etibarlı yolu lazımsız analizlərdən deyil, arterial təzyiqin, xolesterin səviyyəsinin və həyat tərzinin mütəmadi nəzarətdə saxlanılmasından keçir.

