Azərbaycana gətirilən palma yağı barədə bütün həqiqətlər
Son illərdə qida sənayesində ən çox müzakirə olunan məhsullardan biri palma yağıdır. Ucuz başa gəlməsi, uzun müddət xarab olmaması və məhsullara xüsusi tekstura verməsi səbəbindən bu yağ dünyanın müxtəlif ölkələrində minlərlə qida məhsulunun tərkibində istifadə olunur.
Lakin palma yağı ilə bağlı həm sağlamlıq, həm də ekoloji baxımdan müxtəlif müzakirələr aparılır. Bəzi mütəxəssislər onun yüksək doymuş yağ tərkibinə diqqət çəkərək həddindən artıq istifadənin ürək-damar sistemi və ümumi sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər.
Palma yağı əsasən yağ palması bitkisinin meyvəsindən əldə edilir. Dünyanın ən böyük istehsalçıları sırasında İndoneziya və Malayziya xüsusi yer tutur. Bu ölkələrdə geniş palma plantasiyaları mövcuddur. İstehsal prosesi isə meyvələrin toplanması, sıxılması və yağın emalından ibarətdir.
Qida sənayesində palma yağı əsasən şokolad və şirniyyat məhsullarında, biskvit və vaflilərdə, hazır qidalarda, çips və qızartma məhsullarında, bəzi süd əvəzedici məhsullarda, eləcə də kosmetik vasitələrdə geniş istifadə olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli isə bildirib ki, palma yağı ilə bağlı cəmiyyətdə formalaşan mənfi fikirlər tam olaraq doğru deyil. Onun sözlərinə görə, palma yağının digər yağlardan daha təhlükəli olması ilə bağlı yanaşma yanlışdır.
AQTA sədri qeyd edib ki, palma yağı da digər bitki yağları kimi qida üçün yararlı məhsuldur. Onun əsas üstünlüklərindən biri qənnadı məhsullarında istifadə olunan yağların qatı formada olması tələbinə cavab verməsidir. Palma yağı təbii olaraq qatı xüsusiyyətə malik olduğundan əlavə qatılaşdırma prosesinə ehtiyac qalmır.
Kulinar-texnoloq Mübariz Vəliyev isə açıqlamasında bildirib ki, palma yağı özü qadağan olunmuş və ya zəhərli məhsul deyil.
"Palma yağı özü qadağan olunmuş və ya zəhərli məhsul deyil. Lakin keyfiyyətsiz istehsal, yüksək temperaturda emal və həddindən artıq istehlak sağlamlıq risklərini artıra bilər. Bir çox ölkələr palma yağını qadağan etmir, sadəcə onun keyfiyyətinə və istifadəsinə ciddi nəzarət edir”, - deyə o bildirib.
Mütəxəssis vurğulayıb ki, əsas narahatlıq yüksək temperaturda emal edilən rafinə olunmuş palma yağı ilə bağlıdır:
"200 dərəcədən yuxarı temperaturda emal zamanı bəzi potensial zərərli maddələr – məsələn, 3-MCPD və qlisidil efirləri yarana bilər. Buna görə istehsal prosesinə ciddi nəzarət vacibdir”.
Onun sözlərinə görə, bir sıra ölkələr palma yağından istifadəyə xüsusi tələblər tətbiq edir:
"Avropa İttifaqı ölkələri, ABŞ, Kanada və Yaponiya palma yağını idxal edir və istifadə edir. Lakin keyfiyyət standartlarına cavab verməyən məhsullar qəbul edilmir. Bəzi məhsullarda istifadəsi məhdudlaşdırılır və qablaşdırmada "palma yağı” qeydinin göstərilməsi tələb olunur”.

