Bəlkə də ömrümdə ilk dəfədir ki fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm
Möhtərəm dostlar!
Bəlkə də ömrümdə ilk dəfədir ki, Sizə müraciətimi hansı sözlərlə başlayacağıma , uzun bir ayrılıqdan sonra nəhayət ki azad ölkənin azad bir vətəndaşı kimi ürəyimdən keçən hisləri Sizə necə çatdıracağıma tərəddüd edir, fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm. Ancaq bir şeyi dəqiq bilirəm ki, ürəkdən gələn bu sözlərin səmimiliyi Sizdə heç bir vəchlə şübhə doğurmayacaqdır. Mən məhbəsdə olduğum bu uzun illər ərzində bir şeyə yəqinliklə əmin oldum ki, bizim hansı məkanda olmağımıza baxmayaraq arxamızda həmişə qüdrətli bir Azərbaycan dövləti və onun qalib dövlət başçısı İlham Əliyev cənabları dayanır. Belə bir ölkənin vətəndaşı olmaq necə də qürurverici və gözəldir. Mən bu dayağa - dövlətimizin güc və qüvvətinə söykənib, ömrümün ən ağır sınağından şərəflə çıxmağı bacardım, zindan həyatının ağırlıq və məşəqqətinə sinə gərə bildim. Barəmdə azadlıqdan məhrumetmə cəzasını müəyyənləşdirən məhkəmənin canımızın fəda olduğu Azərbaycan dövləti adından qərar çıxarması amili mənə ikiqat güc və qüvvət verdi. Yenidən qüdrətli dövlətimizin adından çıxarılan daha bir qərarla vaxtından əvvəl azadlığa buraxılmağım isə ölkəmizdə hüquq və ədalətin hansı yüksək mərtəbədə dayandığının ən gözəl göstəricisi və ölkə Prezidenti İlham Əliyev Cənablarının, birinci vitse-prezident Mehriban xanım Əliyevanın sərhədsiz humanizm və mərhəmətinin bariz nümunəsidir. Mən müraciətimin əvvəlində bu iki möhtərəm şəxsə təşəkkürlərimi çatdırmağı özümə bir vicdan borcu bilir və onların qarşısında baş əyirəm.
Əzizlərim!
Bu gün “dəmir yumruq” kimi yenidən bütövləşib ölkəmizi və xalqımızı yeni-yeni uğurlara daşımaq hər birimizin müqəddəs borcudur. Dövlət öz vətənini sevən , övladlıq və vətəndaşlıq borcunu xalqına və millətinə qaytarmağı bacaran insanları ilə güclüdür. Güclü və qüdrətli Vətən - Azərbaycan naminə! Allah dövlətimizi, Prezidentimizi və millətimizi qorusun!
Hörmətlə: Ata Abdullayev

