Administratorun öldürüldüyü hadisəyə fərqli baxış Bakufakt yazır..
Yanvarın 1-də Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
Ərazidə yerləşən "Purple Karaoke" restoranında müştərilər arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. Yerli mətbuatda yayılan məlumatlara görə, 36 yaşlı H.Məcidov münaqişə zəminində paytaxt sakini 32 yaşlı Emil Rəcəbliyə bıçaqla xəsarət yetirib. E.Rəcəbli xəstəxanaya aparılarkən yolda ölüb. H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.
Qətlə yetirilən E.Rəcəblinin sözügedən restoranda administrator vəzifəsində çalışdığı deyilir.
Hazırda faktla bağlı araşdırma aparıldığından, hadisənin təfərrüatları barədə informasiya əldə etmək mümkün deyil. İstənilən yanlış informasiya istintaqın gedişinə təsir göstərə bilər. Əminik ki, istintaq bütün gizli məqamları üzə çıxaracaq və hadisənin əslində necə baş verdiyi ortaya çıxacaq. İstənilən halda ortada yarımçıq kəsilən iki gənc insan ömrü var. Bir nəfər öldürülüb, digəri isə günahi təsdiqlənəcəyi təqdirdə uzun illərini həbsdə keçirməli olacaq. Halbuki hadisəni önləmək, cinayətin qarşısını almaq mümkün idi. Bunun üçün xüsusilə spirtli içkilərin verildiyi obyektlərdə, gecə klublarında, “pub”larda təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmək, bu məqsədlə peşəkarları işə götürmək lazımdır. O şəxslər ki, bütün qəbildən olan müştərilərlə davranmağın qaydasını bilir, xüsusilə belə obyektlər üçün xarakterik olan hadisələrdə sərxoş şəxslərlə münasibəti tənzimləyir, nəinki özü fiziki güc göstərmir, həmçinin qarşı tərəfin fiziki güc tətbiq etməsinin qarşısını alır, insanın həyatı, sağlamlığı üçün təhlükə törətmədən onu zərərsizləşdirir. Buna ancaq xüsusi təlim görmüş peşəkarlar nail ola bilərlər.
Müşahidələr, indiyə qədər baş verən hadisələr göstərir ki, idman zallarında bir neçə aylıq üzvlüklə idmançı bədən formasına nail olub, daha sonra belə müəssisələrdə əmək münasibətlərini rəsmiləşdirmədən mühafizə rəisi, administrator, mühafizəçi kimi çalışan şəxslər problemi aradan qaldıra bilmir, əksinə, əlavə problem yaradırlar. Baş verən son hadisə ilə bağlı bəzi məlumatlara görə, qətli törətdiyi deyilən H.Məcidov əvvəlcə obyektdə bir neçə nəfərin fiziki zorakılığına məruz qalıb. Hesabın gözlənildiyindən dəfələrlə artıq gəlməsinə etiraz edən müştərini əvvəlcə döyüblər, daha sonra o, ola bilsin ki, həm döyülməsindən, təhqir olunmsından yaranan psixoloji gərginlik, həm də içkinin təsirindən hadisəni törədib. Əlbəttə, bu, onun əməlinə haqq qazandırmır və qanun bu məsələdə öz sözünü deyəcək.
İşin bütün halları ciddi araşdırılacaq və hadisənin səbəbələri tam müəyyən olunacaq. İndilik isə ancaq onu demək olar ki, yaranmış gərginliyi qətlə imkan vermədən də həll etmək mümkün idi. Bunun üçün işi peşəkarlara tapşırmaq lazım idi. O peşəkarlara ki, belə problemli situasiyaları idarə etməyi bacarır, istənilən an yarana biləcək gərginliyi heç bir tərəf zərər görmədən aradan qaldırırlar. Belə peşəkarlar olsaydı, administratorun müştəri ilə birbaşa təmasına, daha sonra gərginliyə və nəhayət, qətlə imkan verilməzdi, dolayısı ilə adminstratorların, barmenlərin, ofisiantların özünü “məsələ həll edən” kimi aparmasının qarşısı da bu vasitə ilə alınmış olardı. Görünən odur ki, əlaqədar qurumlar xüsusilə spirtli içkilərin verildiyi iaşə obyüktlərində təhlükəsizliyin təmini məqsədilə əlavə tədbirlərin görülməsinə dair xüsusi qaydalar hazırlamalı olacaqlar. Əks halda, belə hadisələrin qarşısını almaq mümkün olmayacaq.
Bakufakt : R.Bloch

