Hövsanda abadlaşdırma yarımçıq qaldı: Sakinlər istirahət məkanının verilməsini tələb edir - VİDEO
Suraxanı rayonunun Hövsan qəsəbəsi, 14–15-ci məhəllə ərazisində aparılan abadlaşdırma işlərinin yarımçıq saxlanılması sakinlərin narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, ərazidə azyaşlıların və yaşlıların istirahəti üçün nəzərdə tutulan yer çox məhduddur və bu, gündəlik həyatı çətinləşdirir.
Şikayətçilərin sözlərinə görə, şəhid bulağının arxa hissəsi və şəhidin adını daşıyan bağça ilə arasındakı kiçik torpaq sahəsi əhali tərəfindən dəfələrlə istirahət məkanı kimi ayrılması üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət olunub. Həmin ərazinin sakinlərin istəyi ilə sökülən xeyir-şər evinin əvəzində abadlaşdırılıb, uşaqlar və yaşlılar üçün oturacaq və istirahət zonası kimi istifadəyə verilməsi xahiş edilib.
Lakin sakinlərin sözlərinə görə, icra hakimiyyətinin apardığı təmir işlərində bu tələblər nəzərə alınmayıb və nəticədə “əhalinin real ehtiyaclarını qarşılamayan, formal bir görüntü” yaranıb. Onlar bildirirlər ki, məhəllədə kifayət qədər istirahət yeri olmadığından “bu insanlar harada və necə istirahət etməlidir?” sualı açıq qalır.
Bundan başqa, ərazidə yerləşən bağçanın təhlükəsizlik məqsədi ilə hasarlanmasının da təmin edilmədiyi iddia olunur. Sakinlər bağçanın kənarında yerləşən sot yarımlıq torpaq sahəsinin onlara verilməsini tələb edirlər.
Aparılan araşdırmalar zamanı isə məlum olub ki, bəzi naməlum şəxslər həmin kiçik torpaq sahəsində mağaza tikmək niyyətindədirlər. Bu isə sakinlərin mümkün istirahət məkanından tamamilə məhrum olması təhlükəsini artırır.
Mövzu ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin mövqeyini yayınlamağa hazırıq.
"Bakufakt.az"

