Azad Media Susdurula Bilməz!
Gəncədə Prezidentin əlindən tutan qız kimdir?
cəmi̇yyət

Gəncədə Prezidentin əlindən tutan qız kimdir?

Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

Bakufakt.az xəbər verir ki, Memorial Kompleksinin açılışı zamanı ölkə liderinin yanındakı qız uşağı diqqət çəkib.

Onun Ermənistanın Gəncəyə raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva olduğu məlum olub. Həmin vaxt Nilayın heç iki yaşı tamam olmayıbmış. Atası Adil Əliyev partlayış zamanı, Günay Əliyeva isə bir gün sonra şəhid olub.

Xatırladaq ki, 2020-ci il oktyabrın 11-də, gecə saatlarında Gəncə şəhəri növbəti dəfə atəşə tutulub. Ermənilər çox təhlükəli bir silah - “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini – şəhər mərkəzinə yerləşən çoxmənzilli yaşayış binalarını hədəf seçiblər. Nəticədə, 10 dinc sakin qətlə yetirilib, 34 nəfər isə yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb. Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

 


IRON MAX AZERBAIAN