
Vətəndaşla klinika mühafizəçisi arasında DAVA: ARAŞDIRMA BAŞLADI
Ötən gün Nəsimi rayonunda yerləşən 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının qarşısında vətəndaşla klinikanın mühafizəçisi arasında insident yaşanıb.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb. Avtomobilin parkinqi üstündə yaranan mübahisə əlbəyaxa davaya çevrilib.
Məsələ ilə bağlı 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasından Bakufakt.az-a bildirilib ki, ərazidəki konuslar Təcili Tibbi Yardım avtomobillərinin dayanması üçün quraşdırılıb.
“Bu, xəstəxananın fəaliyyətinin səmərəliliyi, xəstələrin həyatı və sağlamlığının qorunması baxımından vacibdir. Tibbi müəssisələrin bu kimi zonalarında qanunvericiliklə xüsusi mühafizə təmin edilib, çünki həyat xilas etmək prioritetdir. Vətəndaşlardan da bu qaydalara riayət etmələrini xahiş edirik. Vətəndaşın həmin ərazidə avtomobil saxlaması səbəbindən mühafizəçi ilə mübahisə yaranıb. Xəstəxana rəhbərliyi məsələni hüquq-mühafizə orqanlarına çatdırıb və hazırda araşdırma aparılır”, – deyə açıqlamada qeyd olunub.