
Suraxanıda Çernobıl qəzasının iştirakçıları və ailələri ilə görüş keçirildi - FOTO
Çernobıl faciəsinin 39-cu ildönümü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətində RİH başçısı Adil Əliyev bu faciədən zərər çəkən 61 rayon sakini ilə görüşüb və onlar ərzaq yardımları ilə təmin olunublar.
Bakufakt.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin və Çernobıl qəzasında həlak olanların əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan görüşdə dəhşətli faciəni əks etdirən videoçarx nümayiş olunub.
RİH başçısı Adil Əliyev çıxış edərək bildirib ki, 26 aprel 1986-cı ildə baş verən və bütün dünyanı təşvişə salan Çernobıl hadisələrindən xeyli vaxt keçsə də o hadisənin doğurduğu fəsadlar hələ də yaşanmaqdadır. Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalıb, böyük bir ərazi xarabalığa çevrilib.
Adil Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır.
RİH başçısı ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə qəza baş verən ərazidə iştirak edən həmyerlilərimizin sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, onların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb.
“Çernobil Əlilləri İttifaqı” İctimai Birliyi Suraxanı rayon filialının sədri Akif Bayramov çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.