
Suraxanı RİH başçısı Adil Əliyevin gənclərlə görüşləri davam edir
Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin "Milli Dövlətçilik və Konstitusiya: Məktəblilərlə Strateji Dialoq" adlı layihəsi çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin gənclərlə silsilə xarakterli görüşləri davam edir.
Bakufakt.az xəbər verir ki, növbəti dəfə aprelin 22-də rayonun Zığ qəsəbəsi üzrə 65, 315, 317, Qaraçuxur qəsəbəsi üzrə isə 104 və 141 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirilib.
Görüşdə RİHB-nin müavinləri, sözügedən məktəblərin direktorları, müəllim heyəti, 11-ci sinif şagirdləri və digər qonaqlar iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan görüşdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı videoçarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Bu münasibətlə, eləcə də Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində gənclərlə maarifləndirici görüşlərin keçirilməsi onların vətənə layiqli vətəndaşlar kimi yetişməsi, cəmiyyətdə sağlam mövqe tutması baxımından çox əhəmiyyətlidir.
RİH başçısı çıxışında Ulu öndər Heydər Əliyevin doğma Azərbaycanı xilas etmək naminə misilsiz fədakarlıqları, Ümummilli Liderin müdrik və uzaqgörən siyasətinin layiqli davamçısı, ölkə prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız Şanlı Qələbə və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin uğurları haqqında ətraflı məlumat verib.
Görüş zamanı Adil Əliyev gənclərin müxtəlif məsələlərlə bağlı suallarını ətraflı cavablandırıb, eləcə də gənclərin hər birinə hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.