27 Sentyabr:Azərbaycanda Anım Günüdür
Azərbaycanda Anım Günü qeyd olunur.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını almaq üçün əkshəmlə əməliyyatı başladı.
Cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücuma başlaması barədə qərar verildi.
Bu, Vətən müharibəsi idi və Azərbaycan xalqı Prezident İlham Əliyevin qətiyyəti, iradəsi ilə 30 illik işğala son qoymaq üçün qələbə savaşına başladı.
Ermənistanla 44 gün davam edən müharibədə Azərbaycan tarixi zəfərini qazandı!
Müharibənin xronikası belə oldu:
4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Qarabağın ətrafındakı Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması elan edildi.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad olundu.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.
Hamı bir nəfər kimi Ali Baş Komandanın əmrinə hazır oldu və ancaq qələbə haqqında düşündü.
Müzəffər Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə biz o qələbəmizi torpaqlarımız işğaldan azad olundu. 2023-cü il 19-20 sentyabrında keçirilən antiterror əməliyyatı Qarabağda erməni separatizminə son qoydu, suverenliyimiz, sərhədlərimizin təhlükəsizliyi tam təmin edildi. Beləliklə, Azərbaycan tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
"Bakufakt.az"