Özlərini polis kimi təqdim edib Sabirabad sakinini oğurlayanlar kimlərdir?
Sabirabad rayonu Axtaçı Muğan kəndinin sakini Əliyev Mirzağa Balamirzə oğlu üzləşdiyi problemlə bağlı daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə müraciət edib.
Redaksiyamıza müraciətini təqdim edən şikayətçi bildirib ki, 25.03.2023-cü il tarixdə adıçəkilən kənddə yaşadığı evdən təxminən 200 -250 metr məsafədə olan “Bolmart” marketinin qarşısında telefonla danışan zaman tanımadığı iki nəfər onu “Chevrolet Niva” markalı avtomobilə əyləşdirmək istəyiblər:
“Məni məcburi maşına mindirmək istəyəndə kənd sakinlərindən biri yaxınlaşaraq nə baş verdiyini soruşdu və həmin şəxslərin kimliyi ilə maraqlandı. Onlar polis əməkdaşı olduqlarıın bildirdilər. Bundan sonra həmkəndlim mənə gedib polis bölməsində məsələni aydınlaşdırmağı təklif etdi. Ancaq özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər heç bir xidməti vəsiqə təqdim etmədilər.
Buna baxmayaraq, mən avtomobilə əyləşdim və onlar məni Sabirabada yox, hansısa səbəbdən Şirvan şəhər Polis İdarəsinə apardılar. Orada qarşıma yarım kiloqram narkotik vasitə olan marixuana qoyaraq onu üzərimə götürməyi təklif etdilər. Əks halda məni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edəcəklərini dedilər. Polis İdarəsində uzun gözləmələrdən sonra əməliyyatçılar məni tədqiqatçının otağına apardılar.
Polis İdarəsində əməliyyatçılar əvvəlcədən gödəkçəmin altına marixuana qoydular və elə görüntü yaratdılar ki, guya o, mənim üzərindən tapıldı. Cibimdən də əməliyyatçılar 210 manat pulumu götürmüşdülər, onu da qaytarmadılar. Həmin məbləğdən 20 manatını orada özləri müəyyən edən vəkilə verdilər və mən sonradan vəkil tutub günahsızlığımı sübuta yetirmək üçün sənədi imzalamağa məcbur oldum. Çünki məni həmin an övladlarımla təhdid etdilər və ailəmin təhlükəsizliyinin qorunması naminə buna məcbur qaldım.
Təcridxanada gənc bir oğlan yaxınlaşaraq əlindəki mobil telefonla çəkiliş etməyə başladı. Ondan kim olduğunu soruşanda, özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etdi. Mən məsələni təfsilatı ilə ona danışdım. Sonradan məlum oldu ki, bu kadrları televiziyalardan birində göstəriblər, ancaq mənim sözlərim verilməyib, təkcə görüntüm olub”.
Şikayətçi bildirib ki, 48 saatın tamam olmasına bir saat qalmış müstəntiq gəlib, onunla sövdələşməyə çalışıblar, ancaq o, bundan imtina edib. Bundan sonra ona qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma) iş açılıb:
“Məni Narkoloji Dispanserə müayinəyə göndərdilər, orada narkotik vasitə istifadəçisi olmadığım bəlli oldu. Bundan sonra məni guya narkotik satışında ittiham etdilər. Həmin zamandan sonra 1 ildir ki, işim məhkəmədədir və mən günahkar olmadığım halda uzun zamandır məhkəmələrdə bunu sübut etməyə çalışıram. Məhkəmənin gedişində hadisənin harada baş verdiyini öyrənmək üçün mənim və məni Şirvan şəhərinə aparan həmin şəxslərin telefon siqnallarının müəyyənləşdirilməsi üçün mobil operatora sorğu göndərildi. Sorğuya cavab olaraq bildirildi ki, mənim telefonumun siqnalı Sabirabadda, evimin yaxınlığından gəlib.
Məni maşına zorla mindirən şəxslərdən, yəni əməliyyatçılardan birinin telefon siqnalı 3 km aralıda olub, digər əməliyyatçı isə telefonunun olmadığını söyləyib. Hakimə həmin əməliyyatçıların məni kənddən gətirdiklərini bildirdim. Eyni zamanda, məni evimin yaxınlığındakı marketin qarşısından apardıqları zaman müşahidə kameralarına düşən videogörüntüləri də məhkəməyə təqdim etdik. Hadisə baş verəndə müdaxilə edən kənd sakini də şahid qismində olayı təsdiqlədi.
Amma məni maşınla aparan əməliyyatçılar həmin kamera görüntüsündəki şəxslərin guya onlar olmadığını iddia etməyə başladılar. Halbuki görüntülərdən açıq-aydın onlar olduğu bəllidir. Bundan sonra məhkəmə görüntüləri şəxsiyyəti müəyyən etmək üçün ekspertizaya təqdim etdi. 3 ay sonra ekspertizadan görüntüdəki şəxslərin şəxsiyyətinin müəyyən edilmədiyi cavab gəldi. Növbəti məhkəmə prosesi iyulun 30-da keçiriləcək”.
Şikayətçi bildirib ki, əgər ekspertiza 3 ay müddətində onu oğurlayıb aparanların kimliyini müəyyən edə bilmirsə, o zaman o, günahsızlığını, təhqiqatçıların ona qarşı qanunsuz davranışlarını necə sübut etməlidir:
“Məni Sabirabad rayonu Axtaçı Muğan kəndindən həmin adamlar maşınla Şirvan şəhərinə aparıblar. Bunu sübut edən şahidlər, videogörüntülər də var. Amma sənədlərdə güya məni Şirvam şəhəri “1 May” küçəsində saxladıqları yazılır. Bir nəfər necə eyni anda iki yerdə ola bilər? Mənim həmin an Sabirabadda olduğumu həm videogörüntülər, həm mobil operator şirkətinin rəyi, həm də şahid ifadələri təsdiqləyir.
Ancaq ekspertiza ortada bu qədər dəlilin olmasına baxmayaraq, guya həmin şəxslərin şəxsiyyətini müəyyən edə bilməyib. Bu isə ekspertiza rəyinin təsir altında verildiyini söyləməyə əsas verir. Bütün bunları nəzərə alaraq, məni aparan şəxslərlə bağlı doğru qərar verilməsini tələb edirəm”.
Şikayətçi bildirib ki, ona qarşı bu oyunun qurulmasında müəyyən maddi maraqlar var:
“Mən aqranomam, bu sahədə çalışıram, kiçik sahibkarlıqla məşğulam. Kimlərəsə qanunsuz olaraq hansısa ödəniş etməyəcəyəm. Ancaq mənə qarşı qurulan bu oyunda məqsəd məhz budur. Ölkə başçımız dəfələrlə sahibkarlara işləmək üçün şərait yaradılmasını tapşırıb, yerlərdə isə onun bu tapşırığına görün necə əməl edirlər”.
Müraciət müəllifi daxili işlər naziri və baş prokurordan onun şikayətinə ədalətli baxılmasına dair göstəriş verilməsini istəyib:
“Mən bu ölkənin vətəndaşıyam, halal yolla çörək qazanıram, ölkəmə xidmət etmək istəyirəm və bunu bacardığım qədər edirəm. Amma görünür, məni bundan məhrum etmək istəyənlər var”.
“Bakufakt.az”