Azərbaycanda "uşaqpulu"nun verilməsi ilə bağlı VACİB XƏBƏR: Deputat AÇIQLADI
Azərbaycanda hər bir uşağa uşaqpulu verilməsi tələbi illərdir gündəmdən düşməyən müzakirə mövzusudur. Xüsusilə, aztəminatlı ailələr hər bir uşağa "uşaqpulunun" verilməsini istəyir. İqtisadi təhlilçilər hesab edir ki, Azərbaycanın dövlət büdcəsindən ölkədəki hər bir uşaq üçün müəyyən məbləğdə pul ödənməsi “real deyil”. Azərbaycanda 2006-cı ilədək təminatlılıq dərəcəsindən asılı olmayaraq, hər bir uşağa uşaqpulu ödənilib.
Məlum olduğu kimi, cari il üçün dövlət büdcəsinə parlamentdə yenidən baxılır. Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 180 milyon manat və ya 6,4 faiz çoxdur.
Bundan əlavə, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 944,3 milyon manat və ya 8 faiz çoxdur.
Maraqlıdır, büdcə gəlirlərinin artması Azərbaycanda uşaqpulunun verilməsinə səbəb ola bilərmi?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Rüfət Quliyev deyib ki, ölkədə ən çox müzakirə olunan mövzulardan biri uşaqpulunun verilməsidir:
“Bəlkə də, bundan çox müzakirə və təklif olunan məsələ yoxdur. Lakin biz nəzərə almalıyıq ki, büdcənin 47 faizə qədəri sosial yönümlüdür. Bu gün büdcədə olan imkanlar onu göstərir ki, verilən müavinətlər və yardımların böyük əksəriyyəti həmin uşaqpulunu əvəz edir. Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin göstəricilərinə görə, ölkədə 2 milyon 613 min 17 yaşa qədər uşaq və yeniyetmə var. Ayda 100 manat uşaqpulu verildiyini nəzərə alsaq, bu, ildə 3 milyard manatdan çox vəsait edir. Büdcdə də, təəssüflər olsun ki, hazırda bu xərci qarşılaya bilmir”.
Deputat qeyd edib ki, bu gün Azərbaycanın 3 istiqamətdə böyük xərcləri var. Onun sözlərinə görə, sosial yönümlü xərclər, Qarabağa ayrılan vəsait və bizim müdafiə xərclərimiz mövcuddur: “Bununla əlaqədar deyilir ki, bu məsələyə baxıla bilər. Lakin indi yox. Əsas iki məsələni; Azərbaycanın müdafiəsi və Qarabağda gedən prosesləri bitirməliyik. Layihələri həyata keçirib insanları Qarabağa qayıtmaqla təmin etməliyik. Yəni bizim bütün suallara cavabımız bunlardır”.
Rüfət Quliyev əlavə edib ki, Milli Məclisdə böyük əksəriyyət deputatlar bu məsələni qaldırır və uşaqpulunun verilməsini istəyir. Mərhələ-mərhələ bu məsələ də həll olacaq. Bu gün buna problem kimi baxmırıq. Əsas məsələlər həll olunsun və yaxın gələcəkdə bu məsələyə qayıtmaq mümkündür.