Müəllimlərə şəxsi hesablarında iş yerinin nüfuzunu aşağı salan səs və videolar paylaşmaq qadağan edildi
Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.
Bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda öz əksini tapıb.
Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışına görə, müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir.
Təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməli, sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.
Eyni zamanda təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.