Ailəsinin beş üzvünü öldürn Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı
İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb.
Məlumata görə, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə gəlib.
Rəydə qeyd olunur ki, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.
Məlumat üçün deyək ki, bundan əvvəlki ekspertiza rəyi də hazırkı ilə eyni olmuşdu.
Bundan sonrakı mərhələdə Ə.Əhmədova yekun ittiham elan ediləcək, cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Məhkəmə də təqsirləndirlən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlsə, Əhməd Əhmədov cəzadan azad ediləcək. Lakin o, azadlığa buraxılmayacaq, barəsində ixtisaslaşmış tibb müəssisəsində məcburi müalicə təyin ediləcək.
Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
"Bakufakt.az"