Naftalanda qanvermə aksiyası keçirildi - FOTOLAR
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə TƏBİB-in tabeliyində olan Naftalan Şəhər Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib.
Bakufakt.az xəbər verir ki, humanist addım kimi mühüm əhəmiyyət daşıyan aksiyanın keçirilməsi irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədi daşıyır.
Mərkəzi Qan Bankının ixtisaslaşdırılmış tibb briqadasının həkim-hematoloqları tərəfindən qanvermənin faydaları barədə aksiya iştirakçılarına məlumat verilib. Hər bir donor tibbi müayinədən keçdikdən sonra, qan analizi götürülüb və aksiyaya qoşulmaları ilə bağlı rəy verilib.
Aksiyada Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının sədri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları, könüllülər iştirak edərək ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək olublar.
Belə nəcib xeyriyyə aksiyalarının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.