Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA
Mayın 1-dən etibarən bütün avtomobillərdə katalizatorların yoxlanacağı, katalizatoru yerində olmayan avtomobillərin cərimə ediləcəyi ilə bağlı məlumat yayılıb.
Belə bir elan sosial şəbəkələrdə paylaşılıb.
İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, may ayının 15-dən etibarən respublika ərazisində "Təmiz hava" aylığının keçirilməsinə başlanılacaq.
"Təmiz hava" aylığı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən keçiriləcək", - deyə R.Tağıyev qeyd edib.
Şöbə rəisi diqqətə çatdırdı ki, "Təmiz hava" aylığının keçirilməsində əsas məqsəd ölkəmizin avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtonəqliyyat vasitələrinin istismarının qarşını almaq, habelə sürücülərin, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirilməsidir.
"Bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür.
Bütün bunlar nəzərə alınaraq bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, əks təqdirdə aşkar olunan qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini onların nəzərinə çatdırırıq", - deyə R.Tağıyev bildirib.