Məscidlərə verilən fitrə zəkatı kimlərə çatır?...
Müqəddəs Ramazan ayı başa çatır. Sabah Azərbaycanda Fitr bayramıdır. Orucluğun vacib buyurulan əməllərindən biri də fitrə zəkatının verilməsidir.
İlahiyyatçılar deyirlər ki, oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. İslam şəriətinə görə, istər varlı olsun, istər yoxsul, istər sağlam olsun, istər xəstə - fitrə zəkatını çıxarmaq hamı üçün savabdır.
Fitrə zəkatı bayramı namazına qədər çıxarılmalıdır, çünki ondan sonra verilən zəkat adi sədəqə sayılır.
Fitrə zəkatının miqdarı adambaşına 3 kq ərzaqdan hesablanır. Yəni evdən hər bir ailə üzvünün adına 3 kq müəyyən növ ərzaq çıxarmaq lazımdır. Məsələn: ailədə bir nəfərə 3 kq düyü, digər ailə üzvü üçün də də 3 kq düyü və ya buğda, kişmiş, xirma, başqa növ ərzaq hesablana bilər.
Fitrə zəkatını ərzaqla deyil, onun pulla hesablanmış məbləği də verilə bilər.
Zəkat adətən imkansız insanlara verilir. Amma bəzi insanlar fitrə zəkatını məscidlərə aparırlar.
Onda məscidlərdə yığılan pullar ehtiyac sahiblərinə necə çatdırılır?
Bununla əlaqədar bəzi məscidlərlə əlaqə saxlanılıb.
Heydər Məscidinin axundu hacı Rüfət Qarayev bildirdi ki, onların ibadətgahına fitrə zəkatının verilməsi kütləvi xarakter daşımır:
“Tanıdığımız adamlardan 15-20 nəfər məscidimizə fitrə zəkatı verir. Biz insanlara tövsiyə edirik ki, yardımlarını özləri tanıdıqları ehtiyac sahiblərinə versinlər. Tanıdığımız adamlar var ki, işləyirlər, vaxt edib özləri fitrə zəkatı apara bilmirlər, onların verdiklərini bizə müraciət edən ehtiyac sahiblərinə çatdırırıq.
Günorta namazına qədər ehtiyac sahibləri gəlib öz paylarını aparırlar”.
"İçərişəhər" Cümə məscidinin axundu hacı Surxay Məmmədli isə dedi ki, ola bilsin onlara fitrə zəkatı gətirməsinlər:
"Hazırda bizə məlum deyil ki, nə qədər adam fitrə zəkatı gətirəcək. Bəlkə heç kim məscidə fitrə zəkatı gətirməyəcək. Bəlkə hər kəs zəkatını öz yaxınlarına, kəndçilərinə, qohumlarına verəcək. Bunu bilmirik. Amma ümumilikdə götürəndə, ianələr həmişə ehtiyac sahiblərinə paylanılır".