“O qadınlara allergiyam var” - Gülşad Baxşıyeva
“Mənə həmişə deyirlər ki, kişilərin tərəfini saxlayıram. İnsan kimi yanaşanda görürəm ki, onların da missiyası ağırdır”.
Bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva “Düzünə qalsa...” verilişində deyib.
“Ayrıseçkilik edib qadınlara haqq qazandırmayaq. Özü də indiki qadınlar var ha, məndə onlara qarşı allergiya var. Çox tələbkar olurlar, çünki rahatlıqda yaşayırlar. Evin içində, başına su döymür. Bilmir pul necə qazanılır! Ürəyi istəyəndə çay içir, televizora baxır. Deyir, uşaq mənə əziyyət verməsin. Hamı bu yolu keçib də. İndiki gəlinlər hazır evə gedirlər. Deyir, mən istəyirəm həyat yaşayım, ərim məni təmin eləsin. Mənə elə gəlir ki, onlarda zehni baxımdan gerilik var. Gərək kişi gedib oğurluq etsin? Onda sən də başsız qalacaqsan da. Əziyyətsiz bir həyat yaşamaq istəyirlər. Bütün günü salonlarda olmaq və s. Guya bu qadın yaşamaq istəyir, amma o kişi yox!”, - deyə aktrisa bildirib.
O, həmçinin mərhum eks-həyat yoldaşının xəyanətindən söz açıb: “Mənim üçün elə şeylər var ki, onlar yox olmadı. Qətiyyən uduzduğumu sanmadım. Guya mən uduzdum, kimsə qazandı? Əsla! O qazanan adam məndən milyon qat itirdi! Bunu zamanla başa düşdüm. O insanı mənim qədər tanıyan ikinci adam olmayıb. Çox başıaşağı, işini, sənətini bilən savadlı insan olub. Yəqin ki, hansısa tərəfdən bir boşluğu olub, zəif yerindən vurub istifadə ediblər. O mənim sanki böyük oğlum idi, 3-cü uşağım kimi, həm də ən şıltağı... Amma heç vaxt üzr istəmədi, əlaqə tamamilə kəsildi. Mən heç o məhəllədən də keçmirdim. Amma peşman olmuşdu, yoldaşları mənə mesaj göndərirdilər bəlkə qayıdıb gəlsə... Bağışlayardım. Su da axarını dəyişir. O insan öz ağlı ilə getməmişdi. Xəyanət, çətin hissdir, həzm olunası bir şey deyil. Qəbuledilməzdir. Mən də ona görə qəbul etmədim. Qapıdan da qovmazdım. Gəlib, uşaqlarına baxardı vəssalam. O mənim uşaqlarımın atası idi, kimsənin deyil!”