AXCP-nin qurultayının qərarı etibarsız sayıldı
İyulun 5-də Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının ötən il iyunun 24-də keçirilmiş qurultayının nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edib. Bu qərar qurultayın yalnız bir iştirakçısı Aydın Əliyevin şikayəti əsasında qəbul edilib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi bildirib.
"Keçən ilin iyunun 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı olub, qurultayda sədr və partiyanın daxili qurumlarına seçkilər keçirilib, qərarlar verilib. Aydın Əliyev qurultayı yarımçıq tərk edib, seçkilərdə iştirak etməyib və ona söz veriləcəyi təqdirdə bundan istifadə etmək istəməyib. İndi isə məhkəməyə şikayət edib və məhkəmə onun şikayətini təmin edib, qurultayda qəbul edilmiş qərarları etibarsız sayıb".
O qeyd edib ki, partiyanın qurultayı mətbuat üçün açıq olub və seçkilər tam şəffaf keçirilib.