Azərbaycan-İran sənədinin məzmununda gizlənənlər: Ermənistan üzərində yeni təzyiq – TƏHLİL
Bakı ilə Tehran arasında imzalanan, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu postmünaqişə dövrünün növbəti iqtisadi-regional istiqamətidir.
Yeni layihənin qısa vizyonunu belə təqdim edə bilərik:
1. Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla dörd körpü salınacaq,
2. Burada rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur,
3. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km aralıda olacaq.
Nəzərə alaq ki, Azərbaycan torpaqları işğalda olan müddətdə də İrandan Naxçıvana Araz çayı sahilindən yol var idi. Ancaq işğal faktoru Azərbaycanın erməni tapdağında olan ərazilərindən istifadəsini mümkünsüz edirdi.
Çalışaq məsələni daha sadə sxemlərlə izah edək. İndi səslənən əsas suallardan biri də budur ki, yeni yol Zəngəzur dəhlizinin aktuallığını itirirmi?
Zəngəzur koridorunun aktuallığının aradan qalxması Ermənistan tərəfinin bundan sonrakı mövqeyindən asılı olacaq.
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlamasından da görə bilirik.
Sitat: “Biz bir il yarımdan artıq müddətdir ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə nələrin olacağı ilə bağlı Ermənistandan cavab gözləyirik. Ermənistan düşünməyinə davam etsin. Ancaq biz praktiki olaraq işimizi görməkdə də davam edirik”.
Yəni İranla imzalanan sənəddə nəzərdə tutulan trafik Zəngəzur dəhlizi kontekstində şaxələndirilmədir. Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən Naxçıvana aparan əvvəlki yola çıxış əldə edilir.
Eyni zamanda Azərbaycan Ermənistan üzərində yeni təzyiq aləti yaradır. Azərbaycan-İran əməkdaşlığında yeni mərhələ açan sənəd Ermənistan üzərində qara bulud topası yaratmaq üçün siyasi düsturları da bizə göstərir.
Perspektivdə Ermənistanın manipulyasiya imkanları “sıfır dərəcədən” də aşağı düşür. Bir neçə versiyanı qeyd etmək zəruridir:
- Yeni yol Zəngəzur dəhlizinin aktuallığını itirmir,
- İtirdiyi təqdirdə, alternativ mövcud olur,
- Yeni magistral və dəmir yolu xətti alternativ kimi fəaliyyət göstərəcəyi halda, Azərbaycanın “Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur” prinsipi işləyəcək,
- Bununla da Laçın koridoru dəhliz statusundan çıxacaq və ermənilərin Qarabağla əlaqəsi kəsiləcək.
Bəs Ermənistan Zəngəzur dəhlizinə Azərbaycanın şərtləri altında razılıq versə, necə olacaq? Bu zaman İrandan keçəcək yeni yol Zəngəzur dəhlizinə qoşulacaq və şaxələndirilmə prosesi həyata keçiriləcək.
İstənilən halda, Azərbaycan praktiki şəkildə bir daha sübut etdi ki, Ermənistan yeni reallıqları qəbul etməsə, regional layihələrdən kənarda qalacaq.
Yeni yolun Ermənistan sərhədinin 5 kilometrliyindən keçəcəyi isə ermənilərin regional layihələri daha yaxın məsafədən həsrətli baxışlarla izləməsinə səbəb olacaq.
Layihə Türkiyə ilə razılıq əsasında hazırlanıb, bununla da Azərbaycan-Türkiyə-İran arasında yeni formatda üçtərəfli iqtisadi bağ yaranacaq – İrandan Naxçıvana, Naxçıvandan Türkiyəyə keçməklə
Mənbə:Oxu.az