Azad Media Susdurula Bilməz!
Azərsun Holdinqdə əmək hüquqlarının pozulması iddiası – Dövlət Əmək Müfəttişliyi müraciəti icraata götürdü
şi̇kayət müraci̇ət

Azərsun Holdinqdə əmək hüquqlarının pozulması iddiası – Dövlət Əmək Müfəttişliyi müraciəti icraata götürdü

Azərsun Holdinqdə bölmə rəisi vəzifəsində çalışmış Zahid Ələsgərov əmək hüquqlarının pozulduğunu iddia edərək etdiyi müraciətlə bağlı yeni mərhələnin başlandığını bildirib. Onun Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciət artıq icraata götürülüb və araşdırmaya başlanılıb.
Şikayətçinin sözlərinə görə, əmək münasibətlərinə ştat ixtisarı əsasında xitam verilərkən son əməkhaqqından heç bir yazılı xəbərdarlıq, hüquqi əsas və izahat təqdim edilmədən 420 manat məbləğində tutulma aparılıb. O bildirir ki, bu tutulmanın səbəbini təsdiq edən hər hansı sənəd ona təqdim olunmayıb.
Bununla yanaşı, Zahid Ələsgərov iddia edir ki, ştat ixtisarı ilə işdən azad olunmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan təminat və kompensasiyalar da tam həcmdə ödənilməyib.
Məsələ ilə bağlı Bakufakt.az tərəfindən Azərsun Holdinqə rəsmi sorğu ünvanlanaraq həm əmək müqaviləsinə xitam verilməsi, həm də əməkhaqqından 420 manat tutulmasının hüquqi əsasları barədə açıqlama istənilib. Lakin sorğumuza cavab verilməyib.
Bundan əlavə, Azərsun Holdinqin bir neçə əməkdaşının şikayətçi ilə əlaqə saxlayaraq ondan şikayətçi olmamağı tələb etdiyi və bunu təhdid xarakterli ifadələrlə müşayiət etdiyi iddia olunur. Bu iddiaların hüquqi qiymətləndirilməsi isə aidiyyəti orqanların araşdırmasının nəticəsindən asılı olacaq.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin müraciəti icraata götürməsi iş üzrə araşdırmanın aparılacağını göstərir. Araşdırma zamanı işdən çıxarılmanın qanuniliyi, son əməkhaqqından tutulmuş 420 manatın hüquqi əsasları, habelə şikayətçinin irəli sürdüyü digər əmək hüquqlarının pozulması iddialarının qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndirilməsi gözlənilir.
Ümid edirik ki, araşdırma nəticəsində bütün hallar obyektiv şəkildə araşdırılacaq, qanun pozuntusu müəyyən edilərsə, məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək və işçinin hüquqları bərpa olunacaq.
Qeyd: Yazıda yer alan məlumatlar əsasən Zahid Ələsgərovun iddialarını və Dövlət Əmək Müfəttişliyi Xidmətinə edilmiş müraciəti əks etdirir. Azərsun Holdinqin mövqeyi və ya rəsmi açıqlaması təqdim olunacağı təqdirdə, həmin mövqe də eyni qaydada dərc ediləcək.
Www.bakufakt.az 

IRON MAX AZERBAIAN