Birmarket əməkdaş şirkətə ziyan vurub? – Sahibkar 90 min manatlıq iddia ilə məhkəməyə üz tutdu
Bakıda fəaliyyət göstərən mebel şirkətinin rəhbəri Fuad Mirzəyev "Birmarket" mağazalar şəbəkəsi ilə əməkdaşlıq zamanı ciddi maddi ziyana məruz qaldığını iddia edərək Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Bakufakt.az-a təqdim olunan sənədlərdən görünür ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul olunub və işə Bakı Kommersiya Məhkəməsində hakim İlkin Əliyevin sədrliyi ilə baxılır.
Şikayətçinin sözlərinə görə, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mebel məhsullarının satışı və çatdırılması həyata keçirilsə də, məhsulların daşınması və saxlanması zamanı ciddi nöqsanlara yol verilib. İddia olunur ki, mebellər lazımi qaydada daşınmadığından zədələnib, müştərilər tərəfindən geri qaytarılıb və bu da şirkətə böyük maddi zərər vurub.
Fuad Mirzəyev bildirir ki, geri qaytarılan məhsulların sayının artmasının səbəbini araşdırarkən anbar şəraitinin qənaətbəxş olmadığını müşahidə edib. Onun iddiasına görə, məhsulların bir qismi zədələnmiş vəziyyətdə müştərilərə çatdırılıb, nəticədə sifarişlərdən imtinalar başlayıb və şirkətin fəaliyyəti iflic vəziyyətinə düşüb.
Şikayətçi, həmçinin iddia edir ki, sonradan heç bir əsaslandırılmış rəsmi səbəb göstərilmədən əməkdaşlığa faktiki son qoyulub, şirkətin sistemə giriş imkanları məhdudlaşdırılıb və qarşı tərəflə əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.
Məhkəməyə təqdim olunan iddia ərizəsində Fuad Mirzəyev qarşı tərəfdən 150 min manat maddi ziyanın, eləcə də ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş edir. Şikayətçi bildirir ki, hazırkı hesablamalara əsasən faktiki zərər ən azı 71 min manat, əlavə təzminatla birlikdə isə təxminən 90 min manat təşkil edir.
İddialara görə, əməkdaşlıq dövründə kurator və anbar rəhbərliyi ilə bağlı dəfələrlə narazılıqlar bildirilsə də, problemlər aradan qaldırılmayıb. Şikayətçi bəzi müştərilərin yazışmalarının da məhsullardan imtinaya yönləndirildiyini göstərdiyini iddia edir.
Fuad Mirzəyev məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də daxil olmaqla aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini bildirib.
Qeyd edək ki, məqalədə yer alan məlumatlar iddiaçının təqdim etdiyi sənədlərə və səsləndirdiyi iddialara əsaslanır. Məhkəmə araşdırması davam edir və yekun qərar qəbul edilməyib.
Bakufakt.az məsələnin məhkəmədə obyektiv, qərəzsiz və qanunun tələblərinə uyğun araşdırılmasını diqqətdə saxlayacaq. Eyni zamanda, qarşı tərəfin – "Birmarket" və ya iş üzrə cavabdeh şəxslərin mövqeyini də dərc etməyə hazır olduğumuzu bildiririk. Bu səbəbdən, qarşı tərəf istənilən vaxt öz açıqlamasını redaksiyamıza təqdim edə bilər.

