“Evin divarları ovulub tökülür”
Gəncə şəhəri, Şeyx Zamanov küçəsi 3 ünvanı, keçmiş “trest” yataqxanasında məskunlaşan İmanovlar ailəsi acınacaqlı vəziyyətdə yaşayır. Əslən Kəlbəcər rayonundan olan Rusif İmanov uzun illərdir ki, qəzalı vəziyyətdə olan binada yaşamalı olur.
Ailənin sözlərinə görə, yaşadıqları binaya qaz verilmir. İstilik problemi isə ən ciddi çətinliklərdən biridir. Bəziləri elektrik qızdırıcılarından istifadə etsə də, imkanları məhdud olan sakinlər odun yandırmaq məcburiyyətində qalır. İmanovlar ailəsi də bir otaqlı mənzilə sığınıb.
Ailə başçısı bildirib ki, üç övladı ilə birlikdə yaşadığı mənzil artıq qəzalı vəziyyətə düşüb:
“Evin divarları ovulub tökülür, bina sözün əsl mənasında üstümüzə gəlir. Mən bu evdə 3 qız uşağı böyüdürəm. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm. Bizə deyiblər ki, Kəlbəcər rayonunun Zivel kəndi tikilib hazır olanda köçürüləcəyik. Amma hələ də gözləyirik”.
Rusif İmanov qeyd edib ki, o, azad olunmuş ərazilərdə, xüsusilə Ağdərə rayonunda mənzillə təmin olunmaq istəyir. Ailə yer darlığından və ağır şəraitdən ciddi əziyyət çəkir.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Rusif İmanovun vəziyyəti quruma məlumdur. Onunla bağlı müvafiq sorğu aparılıb və geri qayıdışla bağlı fikirləri öyrənilib.
Qurumdan verilən açıqlamada qeyd olunub ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam edir. Köçürülmə prosesi mərhələli şəkildə həyata keçirilir və bu zaman qəzalı binalarda, yataqxanalarda və digər ağır şəraitli müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələrə üstünlük verilir.
Komitədən o da vurğulanıb ki, İmanovlar ailəsinin də köçürülməsi məsələsinə qanunvericiliyə uyğun qaydada və mərhələli şəkildə baxılacaq.
Hazırda isə ailə ümidlə gözləyir – həm təhlükəsiz yaşayış şəraiti, həm də doğma torpaqlara dönüş arzusunun gerçəkləşəcəyini.

