İncəsənət Gimnaziyasından valideyn iddialarına CAVAB
Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası ilə bağlı Musavat.com-a çoxsaylı valideyn şikayətlərinə cavab verilib.
Bakufakt.az-a müraciət edən 7D sinfinin sinif rəhbəri Aytən Kazımova və məktəbin tədris işləri üzrə direktor müavini Zeynəb Cəfərova bildiriblər ki, valideynlərin qaldırdığı məsələ əsassızdır.
Aytən Kazımova iddialara cavab olaraq bunları deyib:
“Deyirlər, kiməsə arxayınam. Mənim bu məktəbdə tədris işləri üzrə direktor müavinindən başqa heç bir dayağım yoxdur, başa düşürsünüz? Bir valideyn - A. Güllər bütün məktəbi bir-birinə vurub. Mənim məktəbdə valideynlərlə problemim yoxdur. Mənim problemim sadəcə bir valideynlədir. Uşaq gedir evdə olmayan şeyləri danışır, valideyn də araşdırmır. Mənim uşağım düzdür, vəssalam, problem budur. Mən bir adam tapmıram ki, o valideyni sakitləşdirsin. Sinifdə 30 uşaq var, 29 valideyn var, onları öyrədə bilmərəm ki. Mən deyirəm, əgər problem varsa, buyursunlar, hara lazımdır müraciət etsinlər. Uşağı gətirsinlər, danışdırsınlar, psixoloq gəlsin, mən hər şeyə hazıram. Təki hər şey düzgün olsun. Şayiə ilə, dedi-qoduyla iş olmaz. Şərlə, böhtanla olmur. Uşağa təzyiq etməmişəm, mənə bir fakt göstərsinlər. Məktəbdə kameralar var, gəlin baxaq. Əlimizdə bir dənə də olsun sübut olsun. Mən özümə arxayın olmasaydım, bu qədər rahat danışmazdım. Mənim etmədiyim bir şeyi niyə üstümə atırlar? 29 nəfər məndən razıdır. Siz onlardan soruşun, konkret nə istəyirlər?!”
Tədris işləri üzrə direktor müavini Zeynəb Cəfərova da söhbətə qoşulub:
“Başa düşmürəm, siz mənim adımı nə ixtiyarla o formada hallandırırsınız? Mən 27 ilin müəllimiyəm. Deyiblər MİQ imtahanından keçməmişəm. 27 ilin müəllimi niyə MİQ imtahanına getməlidir?! Bu, birinci şər-böhtandır. İkincisi, orada Sevinc Orucovanın valideyni haqqında da yazılıb. Mən 11-cilərin tədris rəhbəriyəm. Həmin şagird dördüncü sinifdən beşinci sinfə keçib, bir ay oxuyub, sonra məktəbdən gedib. Mən onu hara köçürmüşəm? 27 ildir Azərbaycan təhsilinə canımı qoyan müəlliməyəm, uşaq deyiləm. BDU-nun alimiyəm. Mənim nüfuzuma xələl gətirən məlumatların yayılması qəbuledilməzdir. Bu, təhsil işçisinə qarşı biabırçılıqdır. Dünən o valideynlərlə bir-bir sinif rəhbəri əlaqə saxlayıb, deyirlər mənim xəbərim yoxdur. Mən o uşaqlar üçün canımı qoyaram. O gün insident oldu, evlərinə qədər ötürdük. Öz vəzifəmi yüksək səviyyədə yerinə yetirən insanam. Burada iki valideyn var. İbtidai sinifdə onların heç biri ilə əlaqəmiz olmayıb. Onlar aşağı siniflərdə bildiklərini ediblər. Biri 4-cü sinifdə, biri də 1-ci sinifdə gəlib məktəbə. 7D sinfində A. Güllər, digəri isə R. Gülnarə ibtidai sinif müəllimlərini çökdürüblər. İndi də yuxarı sinifdə bu oyunu çıxarırlar. Biz uşağa irad bildiririk ki, sinifdə yemək yemək olmaz. Gülnarə gedir müəllimləri polisə verir. Artıq polis belə onun əlindən təngə gəlib. Necə ola bilər ki, 30 nəfər haqlı, bir nəfər haqsız olsun?”

