Neftçalada işıqlar niyə tez-tez sönür? - Rəsmi AÇIQLAMA
Neftçala şəhərində və rayonun bir sıra kənd və qəsəbələrində işıqların mütəmadi sönməsi barədə redaksiyamıza şikayət daxil olub.
Bakufakt.az-a müraciət edən rayonun Bankə qəsəbə sakini bildirib ki, Neftçala şəhərində, həmçinin Bankə, Xıllı, Həsənabad qəsəbələri, eləcə ətraf kəndlərdə işıqlar mütəmadi olaraq sönür və bu vəziyyət saatlarla çəkir.
"Özü də hər yerdə hissə-hissə sönür. Halbuki Neftçala şəhəri başda olmaqla, ətrafdakı qəsəbə və kəndlərdə, yəni rayonun iri yaşayış məntəqələrində kabelləşmə çoxdan başa çatıb. Əvvəllər işıq sönəndə məhz bunu bəhanə edirdilər" - şikayətçi deyir.
Problemin illərdir təkrarlandığını deyən qəsəbə sakini hesab edir ki, bu vəziyyət "Azərişıq"ın dövlət büdcəsinə külli miqdarda borcu olması ilə əlaqədardır.
Bu ayın əvvəlində Neftçalada Günəş Elektrik Stansiyasının təməlinin qoyulduğunu xatırladan şikayətçi məhz dövlət başçısının bu addımı sayəsində vəziyyətin düzələcəyinə ümid edir.
Sözügedən məsələ ilə əlaqədar "Ölkə.Az"a danışan "Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu yaranmış vəziyyətin yenidənqurma işləri ilə bağlı olduğunu deyib:
"Şikayətlə bağlı vəziyyəti aydındlaşdırdıq. Ərazidə yenidənqurma işləri aparıldığına görə mütəmadi olaraq müəyyən vaxtlarda elektrik xətləri açılaraq yeni xətlər, transfarmatorlar qoşularaq elektrik enerjisinin verilməsi bərpa olunur. Problem ən qısa vaxtda aradan qaldırılacaq. Bütün bu tədbirlər həmin ərazidə yaşayan sakinlərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olması üçün nəzərdə tutulub".