Azad Media Susdurula Bilməz!
"Müharibədə istifadə edilən texnologiyalar gələcək nəsil üçün motivasiya olacaq"
MÜSAHİBƏ

"Müharibədə istifadə edilən texnologiyalar gələcək nəsil üçün motivasiya olacaq"

TEXNOBLOQER FƏRİD PƏRDƏŞÜNAS: "SOSİAL ŞƏBƏKƏDƏ AQRESSİV RƏYLƏR YAZMAQLA, DÜŞMƏNİ SÖYMƏKLƏ İNFORMASİYA MÜHARİBƏSİ APARMAQ OLMAZ"

Bu gün müharibə təkcə ön cəbhədə yox, həm də arxa cəbhədə, xüsusilə də sosial mediada gedir. Lakin təəssüf ki, informasiya müharibəsində düzgün döyüşməyin yollarını hər kəs bilmir. Azərbaycan mediasındakı çatışmazlıqlarla bağlı mövzudan söhbət açmaq məqsədilə Azərbaycanın ən böyük texnologiya agentliyi olan "Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünasla həmsöhbət olduq. Əslən Ağdamdan olan Fərid Pərdəşünas 1994-cü ildə Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində alıb. Bir çox insana maraqlı görünən soyadının "Pərdəşünas" olması isə özünün dediyinə görə, ailə köklərinin Cənubi Azərbaycanla bağlılığından irəli gəlir. Babası tar müasir alətinə pərdə vurmaq sənəti ilə məşğul olduğundan cənubdan şimala köç edəndən sonra fərqlənmək ona "Pərdəşünas" soyadını veriblər.
Fərid Pərdəşünasla müsahibəni təqdim edirik.

 

- Texnologiya sahəsinə marağınız necə yarandı?

- Marağım universitet illərindən başladı. 3-4-cü kurslarda texnologiya cihazları ilə maraqlanır, texnoloji məlumatlar oxuyur və texnologiya jurnalistikası haqqında öyrənirdim. 4-cü kursun sonlarında isə öyrəndiklərimi peşəkar səviyyəyə gətirmək üçün "Technote" media şirkətini təsis etdim. 21 yaşımda qurduğum şirkət hazırda da Azərbaycanın ən böyük texnologiya media agentliyi olaraq ölkəmizə fayda verir. Məqsədimiz doğma dilimizdə texnoloji kontingentin yaradılması və  texnoloji mövzularda insanları maarifləndirərək inkişaf etdirməkdir. Bu gün demək olar ki, artıq məqsədimizə nail olmuşuq. Əlavə olaraq, çox insan ixtisasıma uyğun fəaliyyət göstərmədiyimi düşünür, amma elə deyil. Hazırda idarə etdiyim media şirkəti elə beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı və biznesin idarə edilməsinin bir parçasıdır. Çünki burada marketinq, menecment və. s. bir çox münasibətlərin idarə olunması nəzərdə tutulur. Bu şirkəti yaratdıqdan sonra 4-5 il ərzində Azərbaycanı ard-arda bir neçə beynəlxalq konfranslarda təmsil etmişik. Məsələn, Las Veqasda "Consumer Electronics DCS Forumu"nda, mobil dünya konqrensində ilk dəfə Azərbaycan mediası olaraq çıxış etdik. Hər il onlarla festivalda Azərbaycanı təmsil etdir, aldığımız məlumatları cəmiyyətə çatdırırıq.

- Sizcə, Azərbaycanda bu səhə üzrə fəaliyyət göstərənlərin az olmasının səbəbləri nələrdir?

- Texnoloji mövzular hər kəsin maraq göstərəcəyi və anlayacağı mövzular deyil. Texniki sahədə istər oxucu, istərsə də yazar olmaq xüsusi biliklər tələb edir. Biz adi iqtisadi siyasət platformalarında belə, hamının həzm edə biləcəyi kontentlər istehsal etmirik. Ona görə də aylıq 50-100 min arası xüsusi, unikal kütlə ilə işləyirik. Biz daima bu kütlənin texnoloji biliklərinin artırılması üçün işlər görürük. Texnoloji jurnalistika və texnobloqerlik texniki məzmunların istifadəçilərə onların qavrayacağı dildə çatdırılmasını tələb edir. Texniki məzmunlar qəliz olduğu üçün bunu oxuculara anlaşılan dildə çatdırmaq da xüsusi jurnalistika qabiliyyəti tələb edir. İstər hazırki müharibə şəraitində kibertəhlükəsizlik mövzuları, istərsə də digər texnoloji mövzular bir daha göstərir ki, ölkədə bu sahə üzrə maarifləndirilməyə və inkişafa ehtiyac var.

- Ölkəmizdə hansı sahələr üzrə veb fəaliyyətə ehtiyac var?

- Öncəliklə təməl baza formalaşdırılmalıdır. Azərbaycanda çoxlu proqramistlər yetişdirilsə, həm təməl baza formalaşacaq, həm də startapların yaradılmasına və ölkədən çıxarılmasına təkan verəcək. İlk növbədə, yerli təhsil müəssisələrimiz texnoloji cəhətdən inkişaf etdirilməlidir. Texniki fənlər artırılmalı və proqramlaşdırma dilləri tətbiq olunmalıdır. Əlavə olaraq, insanlarda həvəs yaratmaq üçün proqramlaşdırma dərsləri verən xüsusi özəl məktəblərin sayı artırılmalıdır. Texnologiyanın necə önəmli vasitə olduğunu və Azərbaycan Ordusunun gücünə güc qatdığını müharibə bir daha göstərdi. Düşünürəm ki, müharibədə istifadə edilən dronlar, istifadə etdiyimiz texnologiyalar gələcək Azərbaycan gənci üçün motivasiya olacaq. Buna görə də, ölkədə veb sahəsindən çox, təməl bazanın yaradılması və proqramistlərin yetişdirilməsinə diqqət ayrılmalıdır. Onları daima öyrətmək və inkişaf etdirmək lazımdır. Əlavə olaraq, bu kadrları mütləq şəkildə ölkə daxilində saxlayaraq Azərbaycandakı şirkətlərdə vakansiya vermək lazımdır.

- Hazırda Azərbaycan mediasının üzləşdiyi çətinliklər və əskiklər nələrdir?

- Azərbaycan mediasının ən böyük çətinliyi və əskikliyi bundan ibarətdir ki, istər onlayn media, istərsə də TV və radio mediası reytinq arxasınca qaçır. Birmənalı şəkildə qəbul olunmalıdır ki, reytinq arxasınca qaçmaqla ölkə mediasını inkişaf etdirmək olmaz. Ölkədə faydalı, texnoloji məzmun az izlənsə də, izləyici kütləsi çox keyfiyyətlidir. Hər hansı şou məlumatı bir milyon insanın oxumasındansa, texnoloji məlumatı on min adamın oxuması daha vacibdir. Bu texnoloji kontent az oxunur deyə onu sıxışdırıb sıradan çıxarmaq lazım deyil. Çünki bu, cəmiyyətin gələcəyidir. Ona görə də, mediamız şou, reytinq arxasınca qaçmalı deyil. Reytinq İP xətrinə xəbərlər istehsal etməli deyil. Media üzərinə düşən məsuliyyəti hiss etməli və cəmiyyətin inkişafı üçün dayanıqlı əsas olmalıdır. Lakin təəssüf ki, indi bir çox media rəhbərləri, jurnalistlər asan yemin arxasınca qaçırlar, şou effekti yaradaraq insanları hansısa məlumatı oxumağa sövq edirlər. Reytinq gətirmədiyi üçün istənilən mediada faydalı və texnoloji məzmunun yeri çox azdır.

- Mövcud vəziyyətdə informasiya müharibəsində düzgün iştirak etmək üçün nə etməliyik?

- İnformasiya müharibəsində düzgün iştirak etmək üçün ilk növbədə, mövqeyimizi bəlli etməli və nə edəcəyimizi planlamalıyıq. İnformasiya müharibəsi hər bir fərdin birbaşa iştirak edəcəyi yer deyil. Aqressiv rəylər yazmaqla, düşməni söyməklə heç bir informasiya müharibəsinin iştirakçısına çevrilmək olmaz. İnformasiya müharibəsinin iştirakçıları tutarlı arqumentlər gətirməyi bacarmalı, xarici dil bilməli, debat qabiliyyətləri olmalıdır. Azərbaycan dilində paylaşılan məlumatlar heç kimə lazım deyil. Qeyd olunan həqiqətləri onsuz da bilirik, həmişəlik yaddaşımıza yazılıb. Bizim əsas məqsədimiz qlobal arena və beynəlxalq mediada haqq tərəfini müdafiə etməkdir. Onlar daima rəylərdə səbrli davranaraq emosionallığa qaçmadan hər şeyi tutarlı arqumentlərlə izah etməlidirlər. Aqressiv yazılan rəylər Feysbuk hesablarının bloklanmasına və Azərbaycanın aqressiv xalq kimi tanınmasına səbəb olacaq. Haqlı olduğumuz durumda haqsız vəziyyətə düşəcəyik. Ona görə də, informasiya müharibəsində məntiqi arqumentlərlə, təşkilatlanmış şəkildə iştirak etmək lazımdır.

- Son olaraq, bu yaxınlarda sizin müraciətinizə əsasən Feysbukda Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu barədə ətraflı məlumat verə bilərsiniz?

- Feysbukda səhifələrin biznes məkanı ("location") qeyd olunan xəritələr servisi var. Orada Dağlıq Qarabağ ərazisini Azərbaycan ərazisi daxilində müəyyən sərhədlər və konturlar daxilində göstərmişdilər. Bu da beynəlxalq hüquqa əsasən, ərazi bütövlüyünün müəyyən dərəcədə pozulması kimi qiymətləndirilir. Çünki Azərbaycanın daxili ərazisində hazırda belə hüquqi statusa malik ərazi yoxdur. Ona görə də, məsələ ilə bağlı feysbuka müraciət hazırladıq. Əvvəlcə o servisi verən Mmapbox şirkətini tapdıq. Həmin şirkətin hüquq şöbəsi xətanın onlarla bağlı yox, feysbukla bağlı problem olduğunu açıqladı. Sonra feysbukun hüquq şöbəsi ilə əlaqə saxlayaraq problemi onlara izah etdik. Müraciətimizə baxıldı və qısa zamanda geri dönüş edərək Dağlıq Qarabağı bütövlükdə Azərbaycan ərazisi kimi qeyd etdilər. Xırda bir problem olmasına baxmayaraq, çox önəmli məsələ idi. Feysbuk da dərhal düzəliş etdi.
 

IRON MAX AZERBAIAN