Afaq Bəşirqızı: “Elə Xalq artistləri var ki, onların səhnədə olduqlarına görə utanıram
O, Azərbaycanın mahir teatr və kino aktrisasıdır. Rol aldığı obrazları ilə tamaşaçıların ürəyini fəth edib. Demək olar ki, lentə alındığı bir sıra ekran əsərlərində canlandırdığı obraz və davranışları bu gün dillər əzbərinə çevrilib. Azərbaycanın böyük aktyoru Bəşir Səfəroğlunun ailəsində dünyaya göz açması isə Afaq Bəşirqızının həm peşəkar aktrisaya çevrilməsində, həm də ürəkləri daha da fəth etməsində böyük rol oynayıb. A.Bəşirqızı 1955-ci il avqustun 15-də anadan olub. Bu gün onun 67 yaşı tamam olur.
Xalq artisti Afaq Bəşirqızının “Report”a müsahibəsini təqdim edirik:
- Bu gün Afaq Bəşirqızı özünü neçə yaşında hiss edir?
- İnsan yaşa dolduqca gəncliyin həsrətini çəkir. Gənc yaşlarında olmağı arzu edir. Amma reallıq odur ki, zaman axıb gedir. Ondan sonrakı isə sadəcə arzulardır. Mən özümü elə bugünkü yaşımda hiss edirəm.
- İndiyədək oynadığınız, ancaq çətinliklə qəbul etdiyiniz rol təklifi olub?
- Gənc olarkən teatrda belə bir qanun var idi ki, aktyor ona təklif edilən roldan imtina edə bilməzdi. Aktyor mütləq rejissorun ona verdiyi rolu oynamalı idi. Amma bəli, çox olmasa da, bir-iki dəfə belə rolum olub. Ona görə çətinliklə olub ki, rol ilə tanış olmamışam, amma oynamışam. Demirəm, yaratmışam, sadəcə oynamışam. Yaradıcılıqda belə şeylər həmişə olur. Doğrusu, o tamaşanın adı da qalmadı, heç tarixə də düşmədi. İndi həmin rollarımın adını çəkə bilmərəm. Çünki rejissorları sağdır. Bu, onlara hörmətsizlik ola bilər.