
Elgünün dostları və qohumları dindirilib - RƏSMİ
"Mərhumun (Elgün İbrahimov) yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib. İş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istintaqa cəlb edilərək onların da dindirilməsi təmin edilib. Eyni zamanda hadisə barəsində əlavə məlumatların əldə edilməsi, mövcud məlumatların yoxlanılması və dəqiqləşdirilməsi istiqamətində əməliyyat qurumlarına da çoxsaylı əməliyyat tapşırıqları və sorğuları verilib".
Bakufakt.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev İTV-nin efirində yayımlanan "Sabaha saxlamayaq" verilişində bildirib.
Xatırladaq ki, Gəncə şəhərində 11-ci sinif şagirdi Elgün İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. O, xəstəxanaya aparılsa da, bir gün sonra tibb müəssisəsində vəfat edib. Onun ölümü ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, hazırda rəsmi qurumlarda bununla bağlı araşdırmaların aparıldığı vurğulanıb.