Beynəlxalq axtarışda olanlar Bakı aeroportunda tutuldular
Özbəkistan vətəndaşları 1979-cu il təvəllüdlü Boyturayev İlxom Xurramoviçin və 1986-cı il təvəllüdlü Abdullayev Farxodcon Axrorconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilmələrinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Bakufakt.az-a Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş İ.X.Boyturayev 29.08.2024-cü il tarixində və F.A.Abdullayev 01.09.2024-cü il tarixində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil veriliblər.